Bu gün Kəlbəcər Şəhəri Günüdür
2020-ci il noyabrın 25-i Azərbaycan tarixinə Kəlbəcərin erməni işğalından azad edildiyi gün kimi yazılıb. Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı Sərəncama əsasən, bu şanlı tarix Kəlbəcər Şəhəri Günü kimi qeyd olunur.
Bu gün Azərbaycanın dilbər guşələrindən olan Kəlbəcərin işğaldan azad edilməsindən üç il ötür. Qırx dörd günlük Vətən müharibəsində Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərkərdəliyi ilə Ordumuzun şanlı Zəfəri Ermənistanı kapitulyasiya aktını imzalamağa və əraziləri boşaltmağa məcbur etdi. Beləliklə, Kəlbəcər və Laçın rayonları, Ağdam rayonunun işğal altında qalan hissəsi bir güllə atılmadan mərhələli şəkildə Azərbaycana təhvil verildi. Üçtərəfli Bəyanata əsasən, 2020-ci il noyabrın 25-də Kəlbəcər şəhəri də daxil olmaqla, rayonun 147 yaşayış məntəqəsi işğaldan azad edildi.
Kəlbəcər rayonu 1993-cü il aprelin 2-də işğal olunmuşdu. İşğal nəticəsində 511 dinc sakin öldürülmüş, 321 nəfər əsir götürülmüş və itkin düşmüşdü.
İşğalçılar onlarla tarixi-mədəniyyət abidəsini, 97 məktəbi, 9 uşaq bağçasını, 116 kitabxananı, 43 klubu, 42 mədəniyyət evini, tarix-diyarşünaslıq muzeyini, 9 xəstəxananı, 75 tibb məntəqəsini, 23 ambulatoriyanı, 9 apteki, yüzlərlə inzibati binanı, minlərlə evi, çoxlu sayda texnikanı talan edib, dağıdıb və rayonun milyardlarla manatlıq sərvətini Ermənistana daşıyıblar.
Mətləb