Masallıda polis-məktəbli görüşündə narkomaniya müzakirə mövzusu oldu - FOTO
Bəşəriyyət üçün böyük bəlaya çevrilən narkomaniya günbəgün dünyada şiddətlənir. Respublikamızda da onun fəsadlarından əziyyət çəkənlər çoxdur.
Odur ki, bu vaxtsız ölümə qarşı sistemlı mübarizə tədbirləri görmək zamanın tələbidir. Son illər dövlət tərəfindən belə tədbirlər xeyli güclənib. Amma hələ ki, lazımi nəticələr yoxdur. Bütövlükdə cəmiyyətimiz narkomaniya qarşı sərt olmalı, hər bir vicdanlı insan məqamında sözünü deməlidir.
Bu fikirlər Masallıda Sübhan Xəlilov adına 1 saylı Qızılağac kənd tam orta məktəbdə keçirilən “Narkomaniya və erkən nikaha yox deyək!” mövzusunda “Həyatımızı birgə qoruyaq” adlı maarifləndirici görüşdə dilə gətirildi.
Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin Masallı rayon sektorunun, Masallı Rayon Polis Şöbəsinin və Lənkəran-Astara Regional Təhsil İdarəsinin Masallı rayon sektorunun birgə təşkilatçılığı sayəsində baş tutan tədbir Vətən uğrunda canından keçib şəhidlik zirvəsinə ucalan qəhrəmanların xatirəsi bir dəqiqəlik sükutla anılmaqla başlanıldı.
Tədbirdə Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin Masallı rayon sektorunun, Masallı Rayon Polis Şöbəsinin, Lənkəran-Astara regional Təhsil İdarəsinin Masallı rayonu üzrə Təhsil sektorunun əməkdaşları, müəllimlər və yuxarı sinif şagirdləri iştirak edirdilər.
Çıxışlarda narkomaniyanın törədə biləcəyi fəsadlardan, insan həyatına gətirdiyi ağır nəticələrdən danışılaraq bildirildi ki, qorxunc təhlükə olan narkomaniya heç bir sərhəd tanımır. Buna görə də təhsil ocaqlarında gələcək həyatımızı birgə qorumaq naminə bu dəhşətli bəlaya qarşı mübarizədə yeniyetmə və gənclər arasında maariflənmə işlərinin genış şəkildə aparması prioritet məsələdir. Narkomaniyanın acı fəsadları ətraflı təhlil edilməli, bir qayda sağlam həyat tərzi təbliğ olunmalıdır.
Sonda isə şagirdlər narkomaniya ilə bağlı olan slaydı izlədilər, eləcə sorğuda iştirak etdilər.
Zəfər ORUCOĞLU
Azərbaycan Jurnalistlər Birliyinin üzvü