Paşinyan seçki adı ilə növbəti “dövlət çevrilişinə” başladı...
Təbriz Musayev: “Paşinyan istəyir ki, növbəti seçkidə parlament müxalifəti Qərbə yaxın olsun”
Ermənistanda 2024-cü ildə növbədənkənar parlament seçkilərinin keçirilməsi planlaşdırılır. Bu barədə erməni KİV-i məlumat yayıb.
Bununla bağlı yayılan məlumatda qeyd edilib ki, bu qərar ölkənin baş naziri Nikol Paşinyan tərəfindən hakim partiyanın bir neçə gün əvvəl keçirilən iclasında qəbul olunub. Məlum olub ki, Ermənistanın baş nazirinin əsas məqsədi parlamentdə müxalifət partiyalarının yerlərinin sayının azaldılmasıdır.
Bir neçə ay öncə müxalifəti potensial rəqiblərindən aktiv şəkildə təmizləməyə başlamış Paşinyan administrasiyasının əlacı ən qısa zamanda növbədənkənar parlament seçkiləri keçirməyə qalıb. Sabiq prezident Robert Köçəryanın oğlu deputat olduqdan sonra buna kəskin zərurət yaranıb.
Maraqlıdır, doğrudanmı Paşinyan yeni seçkiyə gedir? Seçkiyə gedirsə, o zaman onun bunda məqsədi nədir?
“Ola bilsin ki, Azərbaycanla sülh sazişi imzalamazdan əvvəl yeni komanda formalaşdırmaq istəyir”
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən İrəvan Azadlıq Təşkilatının sədri Təbriz Musayev hesab edir ki, Paşinyanın yeni seçkiyə getməkdə bir neçə məqsədi ola bilər: “Əvvəla, Paşinyanın ölkədəki reytinqi əvvəlki kimi yüksək deyil. Xüsusən də 44 günlük müharibədən sonra onun reytinqi xeyli aşağı düşüb. Ancaq buna baxmayaraq, Rusiyapərəst müxalifətlə müqayisədə Paşinyan və komandası üstün mövqedədir. Bunun da bir sıra obyektiv və subyektiv səbəbi var. Obyektiv səbəb odur ki, Qarabağın 30 il işğal altında saxlanılması ermənilərə xoşbəxtlik gətirmədi. Əksinə, Ermmənistanı iqtisadi baxımdan təcrid etdi, ölkədən miqrasiya sürətləndi. Subyektiv səbəb odur ki, erməni cəmiyyətinin yaddaşında “Qarabağ klanı”nın 20 illik hakimiyyəti korrupsiya və talançılıqla qalıb. Onlar hakimiyyətə gəlsələr belə, yeni heç nə təqdim edə bilməyəcəklər. Ən başlıcası isə, Qarabağı bir də işğal edə bilməyəcəklər. Erməni cəmiyyəti də bunun fərqindədir. O zaman Paşinyan nədən ehtiyat edir? Paşinyan ehtiyat edir ki, hakimiyyətə gəlməzdən əvvəl verdiyi populist vədlər bir gün onun özünə qarşı çevriləcək. Yəni həmin vədləri yerinə yetirmədiyi üçün cəmiyyət ondan hesabat tələb edəcək. Paşinyan parlament müxalifətindən ehtiyat edir. Çünki Rusiyaya bağlı olan bu qüvvələr onun üçün təhlükədir. Paşinyan istəyir ki, növbəti seçkidə parlament müxalifəti Qərbə yaxın olsun. Çünki bu, onun üçün daha uyğundur, nəinki indiki revanşist qüvvələr. Ola bilsin ki, Azərbaycanla sülh sazişi imzalamazdan əvvəl yeni komanda formalaşdırmaq istəyir. Hazırda bunun üçün müəyyən mühit var. Məsələ ondadır ki, Ermənistan Rusiyaya qarşı tətbiq olunan sanksiyaların neytrallaşmasında iştirak etdiyi üçün iqtisadi baxımdan qazanır. Təkcə 2023-cü ilin ilk 9 ayında Ermənistanla Rusiya arasında ticarət dövriyyəsi 4,7 milyard dollar olub. Ermənistan Rusiyaya son 2 ildə 3,7 milyard dollar yarımkeçirici, mikrosxem və elektron avadanlıqları satıb. Daha dəqiq desək, Rusiya sanksiyalardan yayınaraq bu məhsulları Ermənistan üzərindən alır. Bundan əlavə, Rusiyanın sanksiyalara məruz qalan onlarla şirkəti ofis və qeydiyyatlarını Ermənistana köçürüb rahatca işləyirlər. Bütün bunlar iqtisadi baxımdan Ermənistana fayda verir. Ola bilər Paşinyan bu amildən çıxış edərək əmindir ki, seçkiləri udacaq. O üzdən buna gedir. Çünki bu gün olan əlverişli məqam sabah olmaya bilər”.
Vidadi ORDAHALLI