Ermənistan Azərbaycana konstitusiya dəyişikliyi tələbi qoydu - cavabını da aldı...
Elşad Musayev: “Hesab edirəm ki, bu, riyakarlığın son həddidur”
Xarici işlər naziri Ceyhin Bayramov erməni həmkarı Ararat Mirzoyanın Azərbaycan və Ermənistan konstitusiyalarında paralellik cəhdini qəbuledilməz adlandırıb.
Bunu Ceyhun Bayramov macarıstanlı həmkarı Peter Siyarto ilə keçirdiyi mətbuat konfransında deyib.
Sözügedən məsələ ilə bağlı nazir qeyd edib ki, Ermənistanın Müstəqillik aktında, Konstitusiyasında, digər qanunvericilik aktlarında qonşu ölkələrə, Azərbaycana qarşı ərazi iddialarının olması faktdır: “Ermənistan cəmiyyətində belə diskussiyaların getməsi özlüyündə müsbət haldır. Amma Azərbaycan və Ermənistan konstitusiyaları arasında bu baxımdan paralellik aparmaq yolverilməzdir. Biz anlayırıq ki, bu, xarici tərəfdaşlarımızda çaşqınlıq yarada bilər. Ona görə biz bunu qətiyyətlə yolverilməz sayırıq və digər tərəfdaşlarımızı da bununla bağlı məlumatlandırırıq”.
“Ona görə ki, Azərbaycan Konstitusiyasında Ermənistana yönəlik ərazi iddiası öz əksini tapmayıb”
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev hesab edir ki, Ermənistan tərəfinin arqumentlərinin əsası yoxdur: “Görünən odur ki, Ararat Mirzoyanla bizim xarici işlər naziri Ceyhun Bayramov arasında söz atışması olub. Nəzərə almaq lazımdır ki, ermənilərdə özünəməxsus riyakarlıq var. Vəziyyətə uyğun olaraq oyun oynayırlar. Biz ermənilərdən tələb edirik ki, Ermənistan Konstitusiyasına yenidən baxılsın. Çünki buna ciddi zərurət var. Ona görə ki, orada konkret olaraq Azərbaycan və Türkiyəyə qarşı ərazi iddiaları öz əksini tapıb. Ərazi iddialarından başqa, hələ də Azərbaycanın müəyyən ərazilərini işğal altında saxlayır. Qazaxın 3, Sədərəyin bir eksklav kəndi hələ də işğal altındadır. Çox maraqlıdır ki, bu məsələlərlə bağlı danışanda A.Mirzoyan paralellər aparır. Guya Ermənistanla yanaşı, Azərbaycan da öz Konstitusiyasında dəyişikliklər etməlidir. Hesab edirəm ki, bu, riyakarlığın son həddidur. Ona görə ki, Azərbaycan Konstitusiyasında Ermənistana yönəlik ərazi iddiası öz əksini tapmayıb. Bunlar isə belə qələmə vermək istəyir ki, guya bizdə də onlara yönəlik ərazi iddiası var. O üzdən, bizim nazirin sərt mövqe sərgiləməsi və Mirzoyanın ağzından vurması tamamilə doğru yanaşmadır. Hesab edirəm ki, Ermənistandan bu kimi tələblər səslənəndə dərhal belə cavablar verilməlidir. İmkan vermək olmaz ki, belə arqumentlərlə çıxış etsinlər və bunu gündəmə gətirsinlər. Ona görə ki, hər şey ortadadır. Konstitusiya səviyyəsində ərazi iddiası ilə çıxış edən Azərbaycan yox, Ermənistandır”.
Vidadi ORDAHALLI