70 il əvvəl tikilmiş Muxax kənd tibb məntəqəsi bu "gündədir"...
Pərvanə Mustafayeva: “Bir çox kəndlərdə ya tibb məntəqəsi yoxdur, ya da istismara yararsız vəziyyətdədir”
Bölgələrdə yeni xəstəxanaların tikintisi davam edir. Həmin tibb ocaqları təmir edilməklə yanaşı, müasir tibbi avadanlıqlarla da təmin edilir. Ancaq bu hal heç də bütün ərazilərə şamil olunmur.
Belə ki, Zaqatalanın ən iri yaşayış məntəqələrindən olan Muxax kənd həkim məntəqəsi 2012-2014-cü illərdə baş verən zəlzələdən sonra qəzalı vəziyyətə düşüb. Ötən əsrin 60-cı illərində əsası qoyulan tibb məntəqəsi əsaslı təmir üçün sakinlərin müraciətindən sonra Dövlət Proqramına salınıb.
Qeyd edək ki, tibb müəssisəsində bir ailə həkimi-terapevt, 21 orta tibb işçisi, iki mama, iki feldşer və iki texniki işçi fəaliyyət göstərir.
Kənd sakinlərinin dediyinə görə, xəstəxana qəzalı vəziyyətdədir. Sağlığında problem olanlar həmin tibb məntəqəsinə getməyə ehtiyat edir. Çünki bina insanların həyatı üçün risklidir.
“Ucqar ərazilərdə olan tibb məntəqələri təmir olunarsa, o zaman həkim çatışmazlığı da yaşanmaz”
Həkim ekspert Pərvanə Mustafayeva “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, bir çox kəndlərdə ya tibbi məntəqəsi yoxdur ya da istismara yararsız vəziyyətdədir: “Belə olan halda insanlar ən yüngül problemi də həll etmək üçün ya rayon mərkəzinə, ya da Bakıya getməli olurlar. Xəstəxanalarda isə, ümumiyyətlə, yüzlərlə həkim çatışmazlığı var. Ölkənin hər rayonunda minimal olaraq 60-70-dən başlayaraq həkim kollektivinə ehtiyac yaranıb. Yaxşı olar ki, bu məsələ ilə bağlı ya dövlət proqramı olsun, ya da başqa yerlərdən Azərbaycana həkimlərin cəlb olunmasına çalışılmalıdır. Ucqar ərazilərdə olan tibb məntəqələri təmir olunarsa o zaman həkim çatışmazlığı da yaşanmaz. Gənc həkimlər yararsız, təmirsiz xəstəxanada çalışmaq istəmir. Bu məsələ nəzarətə götürülməlidir”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, hazırda bölgələrdə daha çox həkimlərə ehtiyac var: “Həkimlər də, əsasən, paytaxtda işləmək istəyirlər. Kənd yerlərində həm vakansiyalar, həm də işləmə şəraiti yetərincə deyil. Bu səbəbdən də vakant yerlər boş qalır”.
Əli TURABOV