Bərdədə yas mərasimi keçirilən ev çökdü - ölən və yaralananlar var...
Bərdə rayonunun Yeni Daşkənd kəndində keçirilən yas mərasimində bədbəxt hadisə baş verib. Yas mərasiminə gələn qonaqlar evin ikinci mərtəbəsində olan otaqlardan birində toplaşıblar.
Qəflətən döşəmənin çökməsi nəticəsində xeyli şəxs xəsarət alıb.
Yaralılar Bərdə Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
TƏBİB-dən verilən məlumata görə, Bərdə Rayon Mərkəzi Xəstəxanasına 27 nəfər yerləşdirilib. 1 nəfərdə xəstəxanayaqədər ölüm halı qeydə alınıb. Müxtəlif növ bədən xəsarətləri və digər şikayətlərlə tibb müəssisəsinin müvafiq şöbələrinə yerləşdirilən şəxslərə zəruri tibbi xidmətlər göstərilib.
Vəziyyəti qənaətbəxş hesab olunan 2 nəfər ambulator müalicə üçün evə buraxılıb. Digər şəxslərin müalicələri davam etdirilir. 1 nəfərin vəziyyəti ağır, 2 nəfərin vəziyyəti orta ağır, 21 nəfərin vəziyyəti isə stabil qiymətləndirilir.