Ermənistanda “Arsaxla” bağlı qadağa - hədəf hakimiyyətdə “Qarabağ klanı”nın kökünü kəsməkdir...
Elşad Həsənov: “Burada strateji məqsəd odur ki, “Qarabağ klanı” bir daha dirçəlməsin”
Ermənistan parlamentinin sədri Alen Simonyan jurnalistlərin suallarına cavab verərkən deyib ki, Qarabağ separatçılarına Ermənistanda hər hansı bir “dövlət institutu” yaratmağa imkan verilməməlidir. Onun sözlərinə görə, İrəvanın separatçıların hansısa təşkilatını maliyyələşdirmək planı yoxdur.
Spiker Qarabağla bağlı hər hansı institutların yaradılması cəhdini Ermənistanın təhlükəsizliyinə təhdid və zərbə sayır: “Qarabağın dövlət institutlarının qorunub saxlanması Ermənistanın təhlükəsizliyinə birbaşa təhdiddir. Dağlıq Qarabağ ermənilərinin mövcud problemlərini Ermənistan rəhbərliyi həll etməlidir”.
Ümumilikdə bunu Ermənistan hakimiyyətinin “Qarabağ klanı”nın Ermənistanda hakimiyyətə gəlmə şanslarına qarşı bir mübarizə üsulu saymaq olarmı?
“Paşinyan yaxşı bilir ki, Rusiya zamanı çatanda Qarabağ ermənilərini ona qarşı toparlayacaq”
Məsələ ilə bağlı “Bakı-Xəbər”ə açıqlama verən siyasi ekspert Elşad Həsənov hesab edir ki, prinsipcə onların bunda məqsədi bundan ibarətdir: “Biz nəzərə almalıyıq ki, Simonyan da daxil olmaqla, Paşinyanın komandası Qərbin proyektidir. “Qarabağ klanı” isə əzəldən Rusiyaya bağlıdır. Məhz Rusiya bu qüvvələri Ermənistanda hakimiyyətə gətirdi və 20 il iqtidarda qaldılar. Paşinyan indi də məhz bu qüvvələrdən çəkinir. Ona görə də onlar belə addımlar atır. Bunların qarşısında belə bir məqsəd qoyulub ki, “Qarabağ klanı”nı Rusiyadan ayırsınlar və onlar Qərbyönümlü mövqedən çıxış etsinlər. Digər tərəfdən, onlar aydın şəkildə başa düşürlər ki, Qarabağ separatçıları hər zaman Ermənistana yük olub. Otuz il ərazilərimizi çapıb-talasalar da, yenə də Ermənistandan hər il yüz milyonlarla dotasiya alıblar. Nəticədə kasıb erməni əhalisi sosial baxımdan bundan itirib. Talanan sərvətlər “Qarabağ klanı”ıın başında duranlar arasında bölünüb. Bunun nəticəsidir ki, klan təmsilçilərinin milyonları var. Güclü maliyyə və media şəbəkələri var. Əlbəttə ki, bütün bunlar Paşinyan hökuməti üçün ciddi təhdid mənbəyidir. Paşinyan yaxşı bilir ki, Rusiya zamanı çatanda Qarabağ ermənilərini ona qarşı toparlayacaq. Ona görə də hüquqi və qanuni vasitələrlə bunu önləməyə çalışır. Bu səbəbdən Qarabağ separatçılarına Ermənistanda hər hansı bir “dövlət institutu” yaratmağa imkan verilmir və indidən bu yöndə fəaliyyətlərini artırırlar. Çünki bunun çox güclü bir təhdid yarada biləcəyinin fərqindədilər. Bu səbəbdən bir növ qabaqlayıcı addımlar atılır. Burada strateji məqsəd odur ki, “Qarabağ klanı” bir daha dirçəlməsin. Çünki Ermənistanın başına gələn bəlaların bir qismi məhz bu klanla bağlıdır. Ermənistan cəmiyyəti də onların yenidən hakimiyyətə gəlməsini istəmir. Paşinyan bütün bunların fərqində olduğu üçün yaranan vəziyyətdən maksimum istifadə etməyə çalışır”.
Vidadi ORDAHALLI