ABŞ-ın Azərbaycana açıq təzyiqləri hara qədər gedəcək?..
Əli Mustafa: “Dövlətin arxası millətə bağlı olanda, xarici güclər ona heç nə edə bilmir”
Faktiki olaraq, ABŞ -la Azərbaycan arasındakı münasibətlərdə gərginlik müşahidə olunur. Böyük ehtimalla, ABŞ Azərbaycana müxtəlif təzyiqləri də nəzərdən keçirəcək. Bu fonda ABŞ bizə qarşı hansı addımları ata bilər və biz onları neytrallaşa biləcəyikmi?
Siyasətçi Əli Mustafa “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, ABŞ-ın təzyiqləri həqiqətən gözlənilməzdir: “Amma Amerika böyük, qlobal imkanlara malik olan nüfuzlu bir dövlətdir. Onun hədəfində olmaq Azərbaycan kimi kiçik dövlətlərə heç də xoş deyil. Mən hesab edirəm ki, dövlət bu təzyiqlərlə ciddi məşğul olmalı və neytrallaşdırmaq, qarşısını almaq üçün adekvat addımlar atmalıdır. Amma ilk olaraq müəyyən etmək lazımdır ki, bunun səbəbi nədir. Hər halda, publik olmayan müstəvidə izahını tapmaq olar ki, ABŞ nədən narazıdır. Bu təzyiqə səbəb olan fəaliyyətlər gözdən keçirilməlidir. Təbii ki, Azərbaycanın milli maraqlarına xələl gətirməyən istiqamətlərdə korrektə etmək olar bütün bunları. İkinci tərəfdən isə, bəllidir ki, hər bir dövlətin öz maraqları var. Bu maraqlar da digər böyük dövlətlərlə, dünyadakı reallıqlarla uzlaşdırılmalıdır. Odur ki, burada biz Türkiyənin də mövqeyini öyrənməliyik, onlarla da məsləhətləşmək lazımdır. Bizim üçün ən yaxın dövlət Türkiyədir. Burda Rusiyanın da, Avropanın da, Amerikanın da, Çinin də, hətta Gürcüstanın da öz maraqları var. Son hadisələrdə də gördük ki, Gürcüstan da çox asanlıqla fərqli addımlar ata bilər. Mən düşünürəm ki, Türkiyə ilə məsləhətləşməklə, daha nələri etmək olar onu müəyyənləşdirməliyik. Digər vacib məsələni də nəzərinizə çatdırmaq istəyirəm. Bütün hallarda dövləti zədələyə biləcək faktor iç faktorudur. Bu gün dövlət nəhayət özündə güc tapıb, iç siyasətində korrektlər etməlidir. Xalqa yönəlik siyasət yürüdülməlidir. Ümumiyyətlə, dövlətin arxası millətə bağlı olanda, xarici güclər o a heç nə edə bilmir. Azərbaycan xalqı, dövləti bir olsa, erməni yox kim olursa olsun, Azərbaycan dövlətinə heç nə edə bilməz. Əlbəttə, burada böyük ehtimalla Azərbaycan-Rusiya münasibətlərinin də təsiri ola bilər. Biz bilməliyik ki, Amerika ilə çox yaxınlıq Rusiyada qıcıq yaradır, Rusiya ilə yaxınlıq isə Amerikada qıcıq yaradır. Ona görə də, bəlli bir məsafə saxlamaq lazımdır. Eyni zamanda, bu məsafəni təmin etmək üçün də onların Azərbaycanın daxili işlərinə qarışma imkanlarını məhdudlaşdırmaq lazımdır. Mən hesab edirəm ki, Rusiyanın 5-ci kalonu Azərbaycanda həddindən artıq güclüdür. Azərbaycan Rusiyanın istədiyini etdikdə, dünya narazı qalır. İstədiyini etməyəndə isə, 5-ci kolon vasitəsi ilə Azərbaycana problemlər yaradır. Odur ki, 5-ci kolonu neytrallaşdırmaq, təsir imkanlarını azaltmaq lazımdır. Ölkənin idarə olunmasında, dövlət hakimiyyət orqanlarında kənara bağlı güclərin, insanların, məmurların sayını azaltmaq lazımdır. Ölkəni daha çox milli kadrların yönəltməsinə, müstəqil insanların idarəetmədə iştirakın diqqət yetirmək lazımdır. Belə olan halda, biz bütün məsələlərə, təzyiqlərə, kənardan gələn basqılara dirənc göstərə bilərik, milli maraqlarımızı qoruya bilərik”.
Məhəmmədəli QƏRİBLİ