Ermənistanda rus dili tədrisinə hücum başlayıb...
Faiq Ələkbərli: “… Ermənistan hökuməti Rusiya ağalığından qurtarmaq istədiyini bir daha göstərdi”
Son illər Ermənistanda yaşanan antirusiya ab-havası günü-gündən daha da genişlənir. Dildə rus dilli tədrisin” tərəfdarı oduğunu deyən Paşinyan hökuməti əlaltından başqa cür hərəkət edir.
Son bir neçə ayda bu ölkədə rus dilli tədrisinin sıxışdırılması barədə məlumatlar dolaşırdı. Bu gün Ermənistanda rus dilli tədrisə müharibə elan edilib desək yanılmarıq. Artıq bu ölkədə Rusiyanın göndərdiyi dərsliyə qarşı qadağalar mövcuddur.
Rusiya Federasiya Şurası sədrinin müavini Yuri Vorobyov bildirib ki, Ermənistanda rus dilində kurikulumla dərsliklərin məktəblərə paylanması dayandırılıb. "Ermənistan Respublikası parlamentinin təşəbbüsü və Rusiya-Ermənistan parlamentlərarası komissiyasının iclaslarında erməni deputatların dəfələrlə müraciətlərinin nəticəsi olaraq, Federasiya Şurasının rəhbərliyinin birbaşa dəstəyi ilə Rusiya tərəfi 50 mindən çox dərsliyin rus dilində tədris aparılan erməni məktəblərinə alınması və ianə edilməsi üçün əlavə büdcə vəsaiti tapmağa müvəffəq oldu. Noyabrın 11-də dərsliklər Ermənistana çatdırıldı və onların paylanılmasına başlandı. Ermənistanın Təhsil, Elm, Mədəniyyət və İdman nazirliyinin dərsliyin ekspertizasının keçirilməsi zərurəti bəhanəsi ilə bu prosesi dayandırdığı xəbəri məni çox çaşdırdı".
O vurğulayıb ki, qəribədir, erməni həmkarları özləri onlara lazımi dərsliklərin konkret siyahısını göndəriblər, amma bu gün ona Ermənistanda mane olurlar.
Ekspertlər hesab edir ki, Ermənistanın Rusiyaya qarşı növbəti demarşı gözlənilən idi və Ermənistanda Rusiya dərsliklərinə qadağa qoyulması gözlənilməz deyildi. Ermənistanın müvafiq qurumlarının tədris materiallarının ekspertizasının keçirilməsi zərurəti bəhanəsi ilə Rusiyanın məktəblərə hədiyyə etdiyi rusdilli dərsliklərin paylanmasını dayandırmasının ciddi siqnal olduğunu deyən ekspertlər hesab edir ki, Ermənistan bununla Qərbə yarınır.
“Paşinyan Avropaya, ABŞ-a göstəmək istəyir ki, biz sizin yanınızdayıq, bizə Rusiya lazım deyil”
AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi, fəlsəfə doktoru, BAO sədrinin müavini, siyasi icmalçı Faiq Ələkbərli “Bakı-Xəbər”ə şərhində bildirdi ki, Ermənistanın artıq təhsil sahəsində də Rusiyaya qarşı siyasət yürütməsi bir çox məsələlərin təsadüfi olmadığından xəbər verir. “Əslində N.Paşinyanın rəhbərlik etdiyi Ermənistan hakimiyyəti ilk gündən Qərbyönlü siyasət ortaya qoydu və Rusiyayönümlü siyasətə müəyyən mənada arxa çevirdi. Bunu birdən-birə edə bilməzdi. Ona görə də Paşinyan hökuməti tədricən Rusiya əleyhdarlığını büruzə verirdi, bunu müxtəlif formalarda edirdi. Ayrı-ayrı məsələləri təhlil etdikdə görürük ki, Ermənistan hökuməti Rusiyanın yalnız siyasi deyil, həm də hərbi-siyasi ağalığından imtina edir”-deyə F.Ələkbərli qeyd etdi.
Rusiyanın göndərdiyi dərs vəsaitinin məktəblərə paylanmasının dayandırılmasının anti-Rusiya siyasətinin əyani göstəricisi olduğunu deyən F.Ələkbərlinin sözlərinə görə, bu ölkənin içində rus dili tədrisinin sıradan çıxmasını istəyənlər çoxdur, başda isə Paşinyan hökuməti dayanır. “Ermənistan təhsilində də böyük üstünlük Rusiyanın xeyrinə idi. Orada rusdilli məktəblərin mövcudluğu vardı. Amma Paşinyan yavaş-yavaş rusdilli məktəblərin sayını azaltdı, rus dilində tədrisi ciddi şəkildə məhdudlaşdırdı. İndi də Rusiyadan gələn dərsliyə qarşı bu cür davranış sərgiləyir. Rusiyanın göndərdiyi rus dili dərsliyini qadağan etməklə Ermənistan hökuməti Rusiya ağalığından qurtarmaq istədiyini bir daha göstərdi. Rusiya tərəfi bunu təəccüblə qarşılayır, amma burada təəccüblü bir şey yoxdu. Əvvəllər Ermənstan sifariş verirdi, oradan dərsliklər göndərildi, amma indi göndərilən kitabları qəbul etmək istəmirlər. Paşinyan Avropaya, ABŞ-a göstəmək istəyir ki, biz sizin yanınızdayıq, bizə Rusiya lazım deyil”-deyə F.Ələkbərli əlavə etdi.
Ekspert hesab edir ki, Ermənistanda bundən sonra rus dilinin sıxışdırılması daha geniş vüsət alacaq və bu da tam olaraq Qərbin istəyini əks etdirəcək.
İradə SARIYEVA