"Terrorçular üçün Ukrayna tərəfi ilə birlikdə sərhədi keçmək üçün “pəncərə” hazırlanıbmış" - Putin
"Terror aktını bilavasitə həyata keçirən, insanları güllələyərək öldürən 4 nəfərin hamısı tapılaraq saxlanılıb, onlar gizlənməyə çalışaraq Ukraynaya tərəf hərəkət ediblər, burada ilkin məlumatlara görə, onlar üçün Ukrayna tərəfi ilə birlikdə dövlət sərhədini keçmələri üçün “pəncərə” hazırlanıbmış". Bunu Rusiya Prezidenti Vladimir Putin deyib.
Putinin qeyd etdiyi kimi, ümumilikdə 11 nəfər saxlanılıb: “Moskvada və ətrafında, ölkənin bütün bölgələrində antiterror və təxribat əleyhinə əlavə tədbirlər tətbiq edilib. İndi əsas məsələ bu qan gölünün arxasında duranların yeni cinayət törətməsinin qarşısını almaqdır. Bu cinayətin araşdırılmasına və əməliyyat-axtarış tədbirlərinin nəticələrinə gəlincə, hazırda bunu deyə bilərik: terror aktını törədən 4 nəfərin hamısı, insanları güllələyib öldürənlərin hamısı tapılaraq saxlanılıb, onlar gizlənməyə çalışaraq Ukraynaya tərəf hərəkət ediblər, burada ilkin məlumatlara görə, onlar üçün Ukrayna tərəfi ilə birlikdə dövlət sərhədini keçmələri üçün “pəncərə” hazırlanıbmış. Ümumilikdə 11 nəfər saxlanılıb”.
O bildirib ki, Rusiyanın Federal Təhlükəsizlik Xidməti, digər hüquq-mühafizə orqanları terrorçu bazaya yardım edənlərin, onları nəqliyyatla təmin edənlərin, geri çəkilmə yollarını müəyyənləşdirənlərin, silah-sursat üçün sığınacaqlar hazırlayanların kimliyinin müəyyən edilərək üzə çıxarılması istiqamətində işləyirlər.
“İstintaq və hüquq-mühafizə orqanları terror aktının bütün təfərrüatını müəyyən etmək üçün əllərindən gələn hər şeyi edəcəklər, lakin artıq aydındır ki, biz ətraflı və rişxəndlə planlaşdırılmış terror aktı ilə yanaşı, həm də günahsız insanlara qarşı hazırlanmış, mütəşəkkil kütləvi qətl ilə üz-üzəyik. Cinayətkarlar soyuqqanlı və məqsədyönlü şəkildə vətəndaşlarımızı, övladlarımızı öldürməyə gəliblər. İşğal olunmuş ərazilərdə qırğınlar törədən nasistlər kimi onlar da şou edam təşkil etmək qərarına gəliblər.
Bu cinayətin bütün iştirakçılarını, təşkilatçılarını və sifarişçilərini ədalətli və qaçılmaz cəza gözləyir. Bu vəhşiliyi, Rusiyaya, xalqımıza hücumu hazırlayan terrorçuların arxasında duranların hamısını müəyyənləşdirib cəzalandıracağıq. Terror təhlükəsinin nə olduğunu bilirik, ağrılarımızı səmimi şəkildə bölüşən dövlətlərlə qarşılıqlı fəaliyyətə ümid edirik.
Biz ümumi düşmənlərə, beynəlxalq terrorizmə, onun bütün təzahürlərinə qarşı mübarizədə faktiki olaraq qüvvələrimizi birləşdirməyə hazırıq. Terrorçular, qatillər insan deyillər, onların milliyyəti yoxdur və bir tale – qisas və unudulma gözləyir. Onların gələcəyi yoxdur. İndi birlikdə olmaq bizim ümumi borcumuzdur, inanıram ki, belə də olacaq, çünki heç kim bizim birliyimizi və iradəmizi, qətiyyət və cəsarətimizi, vahid Rusiya xalqının gücünü sarsıda bilməz. Rusiya dəfələrlə ən çətin və dözülməz sınaqlardan keçib, ancaq daha da güclənib, indi də belə olacaq”- Putin açıqlayıb.
ZÜMRÜD