Meksikada 30-a yaxın Gürcüstan vətəndaşı narkokartel tərəfindən oğurlandı
Meksikada 30-a yaxın Gürcüstan vətəndaşı artıq üçüncü gündür ki, narkokartel dəstələrin biri tərəfindən girov götürülüb. İnterfax yazır ki, bu barədə Gürcüstanın “Mtavari arxi” telekanalı xəbər verib.
Telekanalın məlumatına görə, Meksika sərhədində 30 gürcü vətəndaşı daxil olmaqla, ümumilikdə 120-yə yaxın şəxs oğurlanıb. Qaçıranlar 90 min dollar məbləğində pul tələb edirlər.
Gürcüstan Xarici İşlər Nazirliyi (XİN) məlumatı təsdiqləyib və artıq hökumətin vətəndaşları azad etmək üçün hərəkətə keçdiyini bəyan edib.
Quldurlar bir Gürcüstan vətəndaşına qohumları ilə əlaqə saxlamağa və girov götürülmüş insanları azad etmək üçün pul tələb etmələri barədə məlumat verməyə icazə verib. O, digər 120 girovla birlikdə zirzəmidə saxlandığını və Gürcüstan vətəndaşlarının sərbəst buraxılması üçün 90 min dollar pul tələb edildiyini bildirib.
Gürcüstan XİN-dən verilən məlumata görə, Meksikanın İmmiqrasiya Xidməti ilə əlaqə saxlanılıb və qaçırılmış Gürcüstan vətəndaşlarının tapılaraq azad edilmələri üçün tədbirlər görülür.
ZÜMRÜD