15 minlik Göytəpənin 3 məktəbi - üçü də "yaman gündə"...
Azərbaycanın müxtəlif bölgələrində otuz-qırx il təmir olunmayan məktəblər getdikcə faciə yuvasına çevrilir. Belə bir hal Cəlilabadın 15 mindən çox əhalisi olan Göytəpə şəhərində yaşanır. Ərazidə üç məktəb fəaliyyət göstərir - 1, 2 və 3 saylı məktəb. Amma hər üç məktəbin binası qəzalı vəziyyətdədir.
Sakinlərin dediyinə görə, 1 və 3 saylı məktəblər 2 saylı məktəbə nisbətən yaxşı hesab oluna bilər. Baxmayaraq ki, həmin məktəblər də qəzalıdır, hər an təhlükə baş verər. İki saylı məktəb isə ümumiyyətlə üç-dörd ballıq zəlzələyə davamlı deyil: “Məktəbin tavanı, döşəməsi çöküb, divarları nəmişlikdən qaralıb. Yağış yağarkən su siniflərə dolur. Qışda uşaqları məktəbə göndərə bilmirik. Məktəbdə istilik sistemi yoxdur, odun sobası ilə qızdırılır. Sinif otaqlarında taxta döşəmə çürüyüb, uşaqların ayağı çalaya düşür”.
Şikayətçilər qeyd edir ki, 1 və 3 saylı məktəblərin də təmirə ehtiyacı var. Pəncərələr sellofan torbalarla qapadılıb, divarlarda iri çatlar yaranıb.
Göytəpə Şəhər Bələdiyyəsi: “Məktəblərin təmirə ehtiyacı olması ilə bağlı rayon rəhbərliyi səviyyəsində aidiyyəti qurumlara müraciət olunub”
Göytəpə Şəhər Bələdiyyəsindən “Bakı-Xəbər”ə bildirildi ki, məktəblərin təmirə ehtiyacı olması ilə bağlı rayon rəhbərliyi səviyyəsində aidiyyəti qurumlara müraciət olunub. Amma hələ ki, məktəb tikintisinə başlanılmayıb: “Göytəpədə qaz, işıq var, amma məktəblər qəzalı vəziyyətdə olduğundan qazla deyil, odun sobası ilə qızdırılır. Hər üç məktəbin təmirə ehtiyacı var”.
Nizami Hüseynov: “Həmin məktəblə bağlı aidiyyəti orqanlara müraciət olunmalı və lazımı tədbirlər görülməlidir”
Təhsil eksperti Nizami Hüseynov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, uşaqların sağlam şəkildə təhsil almasını, onların savadlı, bilikli olmasını istəyiriksə oxuduqları məkanın təmirinə, dayanıqlığına fikir vermək lazımdır: “Hazırda ölkədə təmir olunmayan məktəblər də mövcuddur. Həmin məktəblərlə bağlı aidiyyəti orqanlara müraciət olunmalı və lazımı tədbirlər görülməlidir”.
Əli TURABOV