Real İslam həmrəyliyi budur - Azərbaycan Fələstində məktəb tikəcək...
Sədrəddin Soltan: “Azərbaycan tərəfi bu addımı ilə beynəlxalq ictimaiyyət və müsəlman dünyasına ismaric verir”
"Tərəfimizdən Fələstində məktəbin inşa edilməsi məsələsi də gündəlikdədir". Bunu Prezident İlham Əliyev Fələstin Dövlətinin Prezidenti Mahmud Abbasa göndərdiyi məktubda qeyd edib.
Qeyd edək ki, birinci xanım Mehriban Əliyevanın noyabrın 15-də İstanbulda keçirilən dövlət və hökumət başçılarının xanımlarının “Fələstin üçün tək ürək” toplantısının iştirakçılarına müraciətində də deyilib ki, Azərbaycan dövlətinin verdiyi təqaüd əsasında fələstinli gənclər ölkəmizdə ali təhsil alırlar. Azərbaycan tərəfindən Fələstində inşa ediləcək məktəb Fələstin xalqına dəstəyimizin növbəti təzahürü olacaq.
“Azərbaycan tərəfi Fələstində məktəb tikəcəyini bəyan edib, bu o deməkdir ki, münaqişədənsə dinin, insanlığın buyurduğu vacib məsələ elmdir”
Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Sədrəddin Soltan “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, Azərbaycan Respublikası Fələstini dövlət olaraq 1992-ci ildən etibarən tanıyır. Bölgədə 2 dövlət prinsipini daim müdafiə edir: “Fələstinin 1967-ci il sərhədləri daxilində ərazisini də Azərbaycan müdafiə edib. Eyni zamanda, İsraillə Fələstin münaqişəsinin dinc yolla həll olunmasının tərəfdarı olub. Azərbaycan fələstinli qaçqınlara yardım göstərib. Ölkəmiz tərəfindən Fələstinə hər zaman xoş münasibət bəslənilib. Münaqişə və müharibə heç vaxt müdafiə olunmayıb”.
Həmsöhbətimiz bildirdi ki, Azərbaycan tərəfinin Fələstində məktəb tikəcəyini bəyan etməsi o deməkdir ki, münaqişədənsə dinin, insanlığın buyurduğu vacib məsələ elmdir. Bu da məktəbdən başlayır: “Azərbaycan tərəfi bu addımı ilə beynəlxalq ictimaiyyət və müsəlman dünyasına ismaric verir. Məktəb olan yerdə müharibə, münaqişə, qan-qada olmaz. Təhsil olan yerdə sülh olar. Təəssüf ki, bu gün məktəbə getməli olan fələstin və ya israilli uşaqların təhlükəsizliyi təhdid olunur. Islam adı altından çıxış edən bir sıra ölkələr Həmas-İsrail müharibəsini qızışdırmaqla məktəblərin dağılmasına, məhv olmasına rəvac verirlər. Azərbaycan tərəfi İslamın əsas çağırışlarından biri olan məktəb tikintisini təklif edir. Nəzərə almaq lazımdır ki, İslam dini oxumaqla başlayır. Savad, biliklə bütün problemlərin həllinə nail olmaq olar”.
Günel CƏLİLOVA