Amerika konqresmenindən gülünc rəy - həbs edilmiş Xankəndi caniləri “siyasi məhbuslar”dır...
Ramil Məmmədli: “Həmin separatçı şəxslər siyasi məhbus yox, hərbi cinayətkardılar”
Amerikalı konqresmen Adam Şiff ABŞ hakimiyyətini erməni məhbusların "hüquqlarının pozulması"na görə Bakıya qarşı sanksiyalar tətbiq etməyə çağırıb.
O, “qanunsuz” olaraq həbs edilmiş erməni hərbi əsirləri, “əsir götürülmüş” mülki şəxsləri və siyasi məhbusları, o cümlədən “Dağlıq Qarabağ hökuməti”nin rəsmilərini Azərbaycandan dərhal azad etməyi tələb edən qanun layihəsini Konqresə təqdim edib.
Həmçinin Nümayəndələr Palatasına göndərilən qətnamə layihəsində Azərbaycana yardımın dayandırılması təklif edilir. Sənəddə qeyd olunur ki, Bakı erməni məhbusları, qondarma rejimin hərbi-siyasi rəhbərliyinin nümayəndələrini dərhal azad etməlidir.
Burada xüsusilə absurd olan məqam odur ki, A.Şiff separatçı şəxsləri “hökumət məmurları” və “siyasi məhbus” kimi qələmə verib. Guya Qarabağdakı separatçı qurum ayrıca bir dövlət imiş, onların məmurları var və o üzdən, bunlar “siyasi məhbus” imiş. İndi də bunların azadlığa buraxılmasını istəyir. Yəni Ruben Vardanyan, Davit Manukyan, Levon Mnatsakanyan, David Babayan, Araik Arutyunyan, Arkadi Qukasyan və Bako Saakyan azad edilməlidir.
“Ermənipərəst konqresmenin belə tələblə çıxış etməsi həyasızlığın son həddidir”
Məsələ ilə bağlı “Bakı-Xəbər”ə açıqlama verən hərbi ekspert Ramil Məmmədli hesab edir ki, ermənipərəst konqresmenin belə tələblə çıxış etməsi həyasızlığın son həddidir: “Məgər Qarabağdakı qondarma qurum beynəlxalq aləmdə tanınmışdı ki, Şiff separatçı başçıları “hökumət rəsmiləri” kimi təqdim edir? Heç Ermənistanın özü 30 il ərzində qondarma qurumu tanımadı. Belə olan halda onları siyasi məhbus kimi təqdim etməyə cəhd etmək həyasızlığın son həddidir. Çünki bunun heç bir siyasi və hüquqi əsası yoxdur. Ona görə də həmin separatçı şəxslər siyasi məhbus yox, hərbi cinayətkardılar. Onları “siyasi məhbus” kimi təqdim etməyin özü elə siyasi cinayətdir. Bir sıra separatçı başçıların əli qana batıb və Qarabağda törədilən qətliyamlara görə biləvasitə onlar məsuliyyət daşıyırlar. ABŞ konqresmenləri adət ediblər Qarabağ separatçılarının təəssübünü çəkməyə. İndiyə qədər Dnestryanı, Abxaziya və Cənubi Osetiya separatçılarına münasibətdə bir dəfə olsun mülayim mövqe sərgiləməyən konqresmenlərin erməni separatçılarına himayədarlıq etmələrinin özü bir cinayətdir. Buna başqa ad verməkdə çətinlik çəkirəm. Üstəlik, məhkəmə hökmü oxunmadan onların azadlığa çıxması tələbinin özü bir məntiqsizlikdi. Bəlli məsələdir ki, A.Şiff başda olmaqla bir sıra konqresmenlər erməni lobbisindən yallanır. Ona görə də onlar bütün beynəlxalq qanunlara tüpürərək belə canfəşanlıq edirlər”.
Vidadi ORDAHALLI