Sənədsiz evlərlə bağlı İşçi qrup - Əmlak Xidməti bir iş görə biləcəkmi?..
Elnur Fərzəliyev: “İşçi qrupun yaradılmasında əsas məqsəd torpaqların təyinatının müəyyən olunmasıdır”
Uzun illərdir, ölkəmizdə sənədsiz evlərlə bağlı məsələ müzakirə olunur. İllərdir həllini tapmayan bu məsələ yenidən gündəmdədir.
Bu günlərdə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi Mətin Eynullayev mətbuata açıqlamasında bildirib ki, icazəsiz tikililərlə bağlı qanun layihəsi hazırlanır. O deyib ki, Bakı və Bakıətrafı ərazilərdə sənədsiz evlərin sayı yüz minlərlədir və problemin əhatə dairəsinin mürəkkəbliyini nəzərə alaraq onun həllinin mərhələli şəkildə görülməsini nəzərdə tuturlar: “Özbaşına tikililərlə bağlı problemi köklü surətdə həll etmək üçün işçi qrup yaradılıb”.
Məlumat üçün bildirək ki, ötən ilin oktyabr ayının 1-dən sonra paytaxtda tikilən sənədsiz fərdi və qeyri-yaşayış evləri elektrik və istilik enerjisi, qaz və su təchizatı şəbəkələrinə qoşulmayacağı haqqında qərar verildi. Yeni qərara görə, sənədsiz evlərə kommunal xidmətlər göstərilməyəcək. Bu xidmətlərin göstərilməsi üçün mütləq şəkildə evin çıxarışı olmalıdır. Bu qərar ictimaiyyət arasında müzakirələrə və narazılığa səbəb olub.
Maraqlıdır, sənədsiz ev məsələsinin həlli ilə bağlı yaradılacaq işçi qrup bu problem necə həll edəcək?
“Bakı və Abşeron ərazisində 100 minlərlə çıxarış ala bilməyən fərdi həyət evi və torpaq sahələri var”
Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, Bakı və Abşeron ərazisində 100 minlərlə çıxarış ala bilməyən fərdi həyət evləri və torpaq sahələri var: “Sənədsiz fərdi həyət evləri və torpaq sahələrinin bir hissəsi sovetlər dövründən qalıb, digər hissəsi isə 1990-cı illərdən sonra tikilib. Əvvəllər rayon icra hakimiyyətləri, daha sonra isə 2007-ci ilə qədər bələdiyyələr tərəfindən vətəndaşlara fərdi yaşayış evlərinin tikintisi üçün torpaq sahələri ayrılırdı. Hansı torpaqlara çıxarışın alınması mümkün oldusa, zamanında vətəndaşlar çıxarış aldılar. Bəzi torpaqlara isə çıxarış almaq mümkün olmadı, bu günə qədər vəziyyət dəyişməyib. Sənədsiz evlər indi də yetəri qədərdir. Artıq sənədləşmə ilə bağlı mesaj verilib. Düşünürəm ki, yaxın gələcəkdə bu proses yenidən başlayacaq”.
Ekspert hesab edir ki, işçi qrupun yaradılmasında əsas məqsəd torpaqların təyinatının müəyyən olunmasıdır: “Elə ərazilər var ki, artıq orada yaşayış massivləri salınıb, avtobus xətləri işləyir, orta məktəblər və uşaq bağçaları tikilib, avtomobil yolları çəkilib, küçə adları, mənzil ünvanları verilib. Bu tip torpaqların təyinatı artıq müəyyən olunmalıdır. Bir çox ərazilər var ki, bir zamanlar oradan neft boruları, elektrik naqilləri keçirdi, hazırda isə onların bəziləri artıq fəaliyyət göstərmir. Sadəcə, xətlər yerində qalıb. Təbii ki, onlar balansdan çıxarılacaq və torpaqların təyinatı dəyişdirilərək yaşayış məntəqələrinə çevriləcək. Yəni tikililərə çıxarışın verilməsi üçün öncə torpaqların təyinatı müəyyən olunmalıdır. Daha sonra torpağın çıxarışı olduqdan sonra tikililərə çıxarışın təyinatına uyğun sənəd verilməlidir. Onu da deyim ki, qadağan olunmuş ərazilərdə tikilmiş əmlaklar var. Düşünürəm ki, həmin əmlaklara çıxarışların verilməsi mümkün olmayacaq. Daha çox dəmiryol xətlərinin yaxın məsafəsində tikilən evləri misal gətirmək olar. Bununla yanaşı, Abşeron ərazisində dağların üzərində də yaşayış evləri tikilib. Vulkanların ən çox Abşeron ərazisində olduğunu nəzərə alsaq, həmin ərazidəki evlər də təhlükə saçır. Bu problemlər həll olunmadan həmin ərazilərə çıxarışların verilməsi mümkünsüzdür. Öncə torpaqların təyinatının bəlli olması, tikililərin tikinti normativlərinə uyğunluğunun yoxlanılması vacibdir”.
Günel CƏLİLOVA