Şəhidlik (böyük bir) həyat romanıdır - Onbirinci yazı
Şəhid Musa Həsənov barədə danışan Söylü Qorçuyeva onunla bağlı ibtidai sinif illərində diqqətində qalan məziyyətlərdən bəhs etdi. Dedi ki, şəhid andı içib ölən oğullar, əslində Vətən üçün böyük bir həyat romanı, oxunaqlı bir ömür dastanı yazırlar. Bəlkə də adi əsərlər çox vaxt oxunmur, lakin şəhidlik elə bir həyat əsəridir ki, onu zaman-zaman bütün nəsillər oxuyur və oxuyacaq. Biz də (bizim) uğrumuzda ölən oğulların əbədiyyəti üçün yaşamalı və ölməliyik.
Ölümün hər insanı aparması adi haldır. Ölümün Vətən uğrunda döyüşən əsgəri aparması şərəfdir. O ölüm şərəf gətirir, insana ölməzlik qazandırır.
Çox az adam hünər məktəbinin məzunu olur. Musa və Tural qardaşları bu şərəfə nail oldular. O Musa və Tural qardaşları ki, Vətən torpaqlarını işğaldan azad edən rəşadətli və müzəffər Ordumuzun cəsur əsgərləri idilər...
Təqaüddə olan müəllim Söylü Qorçuyevanın şəhid Musa ilə bağlı dediklərindən:
- Mən Həsənov Musa Tapdıq oğluna ibtidai sinifdə dərs demişəm. O, çox ağıllı, mehriban, səmimi, sakit, bir az da balacaboy uşaq idi. Mən onu həmişə gülərüz gördüm. Elə bil hansısa hiss onun içində məskən salmışdı və o, bu hissi uşaq təfəkküründə gizlətmişdi. Onu məktəbə anası gətirib-aparırdı. Hər dəfə də dərslərindən qiymət aldı-almadı, başını sığallayır, üzündən öpürdü. Musanın idmana böyük həvəsi vardı. İdman dərslərində fərqlənirdi. Hələ ilk gündən mən o uşaqda xüsusi bir vətənpərvərlik hiss etmişdim. Musa böyüdü, ancaq çöhrəsindəki uşaq məsumluğu getmədi. Şəhid olanda da torpaq onu bu məsum ovqatla qarşıladı.
***
Mingəçevir şəhər Texniki Humanitar Kollecin direktoru Nailə Məmmədova söhbət əsnasında olduqca zəruri fikirlər ifadə etdi. Vurğuladı ki, Vətən uğrunda can fəda edən oğulları unutmağa heç kəsin haqqı yoxdur. Bu baxımdan, hazırda rəhbəri olduğum kollecdə bütün şagirdlərə sanki əlavə bir “Vətən” fənni tədris edir, onlara güclü Vətən sevgisi aşılayırıq.
Nailə Məmmədovanın dediklərindən:
- Şəhidlər əbədiyyət işıqlarıdır, biz o işıqların həniri ilə bugünkü nəsilləri gələcək üçün hazırlayırıq. İnsan, ümumiyyətlə, ona insansevərlik meyli aşılayan hər şeyə minnətdar olmalıdır. Şəhidlərə isə xüsusilə minnətdar olmalıyıq. Çünki onlar insan adımızda, mənlik və qürur hissimizdə fövqəllik kəsb edirlər.
Diqqətinizə çatdırım ki, kollecimizdə yaratdığımız xüsusi guşədə – əyani tədris “sinfi”ndə şagirdlərimizə Vətən sevgisi aşılayır, torpaqlarımız uğrunda canlarını fəda edən oğullarla bağlı diskussiyalar aparırıq. Bu zaman yuxarı siniflərin şagirdlərində böyük bir məğrurluq, hünər, cəsarət hiss edirik. Aşağı siniflərin şagirdləri isə anlayırlar ki, şəhid oğulların uğrunda can fəda etdikləri torpaq Vətən adlanır; biz o Vətənin arxa-dayaqları olmalıyıq.
Əlbəttə, Vətəndən əsl kişilik irsi keçən oğullar bu cəhdləri hələ körpə-çağa ikən hansısa bir hal vasitəsilə göstərirlər. Vətən fədaisi kimi vəsf etdiyimiz Musa və Tural qardaşları da (heç şübhəsiz) doğuluşları, hətta ölümləri ilə belə fərqləndilər. Onların şəhid adlarının fövqündə duran bütün ucalıqlar ölməzliyə – hər iki qardaşın ölməz olduğuna şəhadət edir. Bu baxımdan, biz Musa və Turalın içindəki kişi qətiyyətini, cəsur ər-oğul qeyrətini Vətənə olan dərin-sonsuz sevgiləri ilə xarakterizə edirik.
Şəhid hər kəs üçün bir həyat, bir kişilik məktəbidir. Bu yanaşmanın özü də əsl Vətən oğlu olmaq fəlsəfəsi ilə nisbət tapır.
Şəhidlik ən ali zirvə olduğu kimi, əbədiyyətin işıqlı yolçuları, gülümsər şəkilləri önündə baş əydiyimiz Musa və Tural da o yüksək məqama çatan qəhrəman oğullardır...
Artıq 21 ildir ki, məktəbimizdə hər il 10 may - ulu öndər Heydər Əliyevin doğum günü ərəfəsində ibtidai sinif şagirdlərinin hərbi paradını keçiririk. Hər dəfə də müşahidə edirik ki, bu parad şagirdlərdə güclü Vətən hissi doğurur. Musa və Tural qardaşları da məhz bu parad vasitəsilə yetişib, vətənpərvər olublar. Onlar şəhid olanda paylaşdığımız ilk şəkil məhz həmin paradda çəkilən şəkil oldu.
Texniki Humanitar Kollec Azərbaycanın Milli Qəhrəmanı Musa Muradovun adını daşıyır. Kollecimizdən məzun olanların 5 nəfəri şəhid olub. Onlardan 4-ü - Musa və Tural, Əli və İslam qardaşları Vətən müharibəsində, 1-i - Ruslan Abbasov isə Qarabağ uğrunda aparılan lokal xarakterli antiterror əməliyyatları zamanı şəhid olub. Əlbəttə, bizim üçün çox ağırdır. Beş məzunumuzun şəhid olması ürəyimizdə yara kimi qövr edir. Bir tərəfdən də bu, həm də bizə şərəf verir. Düşünürük ki, verdiyimiz öyüd-nəsihət, çəkdiyimiz əziyyət və aşıladığımız hislər hədər getməyib.
Məzunlarımızdan bir neçəsi müharibədə iştirak etdi, onlardan bir neçəsi döyüşlər vaxtı qazi oldu. Onların da hünər və əzmi qürur hissimizi artırır.
Biz hazırda da onları şagirdlərimizə örnək göstərir, vətənpərvərlik hislərini artırırıq.
Bizim üçün çox xoş haldır ki, Musa və Turalın övladları da hazırda bu məktəbdə – bir vaxtlar atalarının oxuduqları bu məktəbdə təhsil alırlar. Onların valideynlərinin məhz bizim məktəbi seçməsi də bizə əlavə bir stimul, əlavə bir qürur hissi verir. Biz bunu təkcə verdiyimiz təhsilin keyfiyyəti ilə izah etmirik, həm də insanların nəyin yaxşı, nəyin pis olduğunu bilməsi kimi də təqdir edirik.
Nəzərinizə çatdırım ki, Texniki Humanitar Kollec əvvəllər – 1992-ci ildən 15 nömrəli tam orta məktəb kimi fəaliyyət göstərib. 2008-ci ildə qazandığımız təhsil uğurlarına görə Kollec statusu əldə etmişik. Burada əsas məqsədimiz həm təhsilin keyfiyyətini artırmaq, həm də vətənpərvər şagirdlər yetişdirməkdir.
Nailə xanımın dediklərinə qulaq asa-asa acı-şirin xatirələrə daldıq, şəhid qardaşların qəhrəmanlıq fəhmindən misilsiz dərəcədə təsirləndik...
Xatirələr insana ya xoş anlar yaşadır, ya da yanğı verir. Mingəçevir şəhər Texniki Humanitar Kollecin direktoru Nailə Məmmədovanın, Musa və Turala ibtidai sinifdə dərs demiş Minayə Məmmədovanın və Söylu Qorçuyevanın şəhid qardaşlar haqqında dedikləri ürəyimizə köz basdı.
Biz də elə bu yanğı içində dedik ki, şəhid qardaşlar barədə kitab yazmaq arzumuz vətəndaşlıq missiyamızdır; hər kitab da mühüm bir işə xidmət etməlidir. Bizim vətənpərvərlik hisləri ilə dolu, Musa və Tural qardaşlarının şərəfli döyüş yolundan bəhs edən «Gəl, birlikdə köçək dünyadan» adlı kitabımız könülləri oxşamaq mənası kəsb etmir, içimizdəki ağrı-acını, qəmi-kədəri əridən, torpaqlarımızı düşməndən geri alan, əsl vətəndaş kimi yetişən oğullara bir ehtiram nümunəsidir. Çalışırıq ki, Musa və Tural qardaşlarının acı-şirin xatirələri onları sevənlərin yaddaşında əbədi bir salnaməyə, sönməz bir həyat işığına çevirək...
***
Həyat yaranandan ailə üzərində ana haqqı daha çox diqqət çəkir. Bu, valideynlik missiyasının analara aid böyük önəmidir. Bədii ədəbiyyatlarda da ana haqqı yüksək dəyər kimi təqdir edilir. Bəlkə də bu səbəbdən ictimai reallıqların əsas məğzi ana haqqı üzərində bərqərardır...
Həsənovlar ailəsinin də əsas ictimai aspekti ana haqqıdır - gözlərinin ağı-qarası olan iki oğlunu Vətənə qurban verən Nəhayət xanımın ana haqqı. Onun qamətini dik tutan, ovqatını dağıtmayan əsas hədəf də elə bu haqqdır. Bu haqq Allahın verdiyi təminatdır; Allah şəhid analarının, Nəhayət xanımın surətindəki qəmi-kədəri elə o haqq ilə qovur, onlara bu haqq ilə dözüm verir (adi halda oğlu ölmüş analar qəm-qüssədən əriyir, acı hislərin qonunda çürüyürlər...)
Nəhayət xanım üzərinə iki dağın ağırlığı çökmüş qadındır. Sinəsində iki dağ gəzdirir. Ancaq Allahın verdiyi güc onu insanlar qarşısında tox tutur. Yəni o, üzərində bu qədər ağırlıq ola-ola bizimlə də söhbət etməyə həm macal, həm də dözüm tapdı. Dedi ki, Musa və Tural hələ uşaq ikən Vətən adı gələndə farağat durar, ciddi görkəm alardılar. Nə xoş ki, bu gün onların Günəş qədər parlaq olan surətlərində Vətən adlı bir ulduz parıldayır. Bu gün onların işıqlı siması bütün ürəkləri, qəlbləri fəth edib. Sinələrinə taxdıqları medallar onların həqiqi Azərbaycan cəngavəri olmalarını sübut edir.
İsti duyğuları, ilıq hisləri balalarımı Vətən üçün fədai etmişdi. Onlar kişiliyimizin, qürurumuzun sınmasına heç vəchlə dözmürdülər. Bircə məqsədləri, bircə amalları vardı: müharibə başlasın, ermənilərə 30 illik qəddarlığın əvəzini versinlər. Verdilər də...
Musa şeirlərinin birini təxminən bu sözlərlə bitirmişdi: “Gedirəm dünyadan, ancaq həmişəlik deyil. Ruhum sizinlədir...”. Balam sanki illər sonra şəhid olacağını bilirmiş. Onun adi davranışları, baxışları, hərəkəti, danışığı, hətta qələmə aldığı şeirlər belə nə vaxtsa Vətən uğrunda qurban gedəcəyinə bir işarə imiş. Biz sadəcə, o vaxtlar bunun fərqinə varmamışıq. Doğrudan da təmiz qəlbli, həssas insanın ürəyinə damır nə zamansa başına gələcək hadisələr. Bunu tam anlamasa da, ona uyğun fikirlər ifadə edir. Əlbəttə, biz o insanı dərhal aciz, gücsüz, çətinliklərin qarşısında dözümsüz biri kimi qınayırıq... Kaş o məqamda hissiyyatımız imkan verə, nələrsə edə bilək. Ancaq Allahdan gələnə qarşı heç nə etmək olmur. Mən Musanın, yaxud Turalın bir vaxtlar dediyi eyhamlı sözləri çözə bilsəydim belə, əlimdən nə gələrdi ki... Vətənin dar günündə onları zəncirlə də bağlasaydım, qırıb gedəcəkdilər. Çünki mayaları qeyrətlə, Vətən eşqi ilə, yüksək vətəndaşlıq əzmi ilə yoğrulmuşdu.
Mənim balalarımın üzərində bir ana haqqım var. Onların da mənim üzərində bir şəhid haqqı var. Sanıram, o haqq mənim haqqımdan çox üstündür...
Nəhayət xanımın gözlərində qaynayan dərin kədər bizdə belə bir təəssürat yaratdı; sandıq ki, o, sakit-sakit ağlayır və deyir:
- O gün bütün uşaqlar məktəbə öz ataları ilə gəlmişdilər. Təkcə mənim nəvələrim boynubükük qalmışdı Musa, Tural. Mən də fikirləri qarışıq, saçları əzik-üzük, üzü-gözü qırışıq, içimdə acı çəkə-çəkə durmuşdum. Çox baxdım, çox gözlədim, duman gəldi, siz gəlmədiniz, yorğun sürülər naxırdan gəldi, siz gəlmədiniz... Haradasınız, ey mənim qəlb yaralarım? O gün hamı dedi-güldü, mən ağladım, kəpənəklər bir-birinin nazını çəkdi, arılar güllərin üstündə avaza qalxdı, siz gəlib çıxmadınız. Bu idimi etibarınız? Bəs deyirdiniz, heç vaxt səni tək qoymarıq? Sizə necə də inanmışdım... Daha başımı sağa-sola yelləyəcək halım yoxdur; eh, mən ki zalım olmadım, siz niyə qürub etdiniz al şəfəqlər kimi? Haradasınız, ümidimin qırıq şüşələri? Haradasınız, analarını qəm sığalında çarəsiz qoyan istiqanlı soyuqürəklilərim? Mən yaralı anayam, köksümdə neçə-neçə dərdin aşkar hüdudu var. Haradasınız? Artıq çiyinlərimdəki yükə, içimdəki qubara təhəmmülüm qurtarıb. Əmin olun, bir daha əmin olun, mən - bu yorğun qadın, gözləri nisgilli bu şəhid anası öləndə də soruşacağam: - Haradasınız, qəlb yaralarım?..
(Ardı var)
Hikmət Məlikzadə