Qərb Ermənistan müxalifətini Paşinyanın baltasının ağzına atır...
Ermənistanın daxilində baş verən antidemokratik proseslərə indiyə qədər “demokratiya” deyib yaxasını yırtan dövlətlərin, beynəlxalq qurumların münasibət bildirməməsi diqqətdən yayınmır. Məsələn, Ermənistanda baş nazir Nikol Paşinyan köhnə hakimiyyət rəqiblərinin hamısını sıradan çıxarır, birini şantaj edir, birini həbsə atdırır, siyasətdən uzaqlaşdırır, bütün postlara öz adamlarını təyin edir, hətta müxalifətin içinə də əl uzadıb özünə uyğun müxalifət yaratmağa başlayır. Amma maraqlıdır ki, Paşinyanın bu hərəkətlərinə Qərb ölkələri, demokratiyadan danışanlar göz yumurlar. Qərb ölkələrinin, ilk əvvəl Fransa və Almaniyanın ikili standart siyasəti burada özünü xüsusi göstərir.
İkili standart, geosiyasi maraqlar bu dərəcədəmi üstündür ki, onlar Ermənistandakı antidemokratik proseslərə dözürlər və Paşinyana dəstək verirlər?
Siyasi şərhçi Azər Həsrət baki-xeber.com-a bildirdi ki, bu təəccüblü deyil, çünki bütün dövrlərdə Ermənistana münasibət həmişə Azərbaycandan fərqli olub: “Bu mənada fərqli olub ki, Ermənistana bir xristian həmrəyliyi prizmasından yanaşılıb. Digər tərəfdən də, işğalçı Ermənistanın arxasında ABŞ-ın müəyyən çevrələri, Fransa, Almaniya kimi ölkələr dayanıb. Ötən müddət ərzində bunlar bu və ya digər hücumlardan qorumağa çalışıblar. Paşinyan hakimiyyətə gəldikdən sonra isə bu təşəbbüslər daha da artıb. Çünki o Qərbin yetişdirdiyi birisidir. Paşinyana “lider” deməyə dilim gəlmir, çünki liderlik keyfiyyətləri üstün olan birisi deyil. Sadəcə olaraq o, Qərbin yetişdirdiyi və Ermənistanın başına gətirdiyi bir nəfərdir. Təbiidir ki, Qərbdəki müəyyən çevrələr onun barəsində tənqidlərin mümkün qədər az olmasına çalışırlar. Bu səbəbdən də Paşinyan istədiyi adamı həbsə atdırır, istədiyi zorakılığı tətbiq edir, istədiyi qərarları qəbul edir, istədiyi qanunları qəbul etdirir. Paşinyan ürəyi istəyən hər şey edir, amma bu vaxt beynəlxalq standartlara, yaxud da Ermənistanın üzvü olduğu beynəlxalq qurumların tələblərinə əməl etməyə bilir. Amma bu qurumlar, bu ölkələr Paşinyanın əməllərinə göz yumurlar. Əlbəttə, bu ikili standartlardan başqa bir şey deyil. Adi məsələlərdə Azərbaycanın üzərinə gələn o dövlətlər, o mərkəzlər bənzər hadisələrin on qatı Ermənistanda baş verəndə susqunluq nümayiş etdirirlər”.
Bunu ikili standartlardan irəli gələn yanaşmalar olduğunu deyən A.Həsrət əlavə etdi ki, bu qərəzdir, bu münasibət də bizi narahat etmir, çünki biz doğru yoldayıq, Azərbaycan dövləti getdikcə daha da güclənəcək və hər kəs də bizimlə hesablaşmağa məcbur olacaq.
İradə SARIYEVA