"Kapitalbank” da daxili pul köçürmələrinə komissiya tətbiq etdi?..
Əkrəm Həsənov: “Eyni bankın daxili köçürməsi də xidmət hesab olunduğu üçün komissiya tutulur, çünki daxili köçürmə zamanı da…”
Azərbaycanda, demək olar ki, hər kəs plastik kartdan istifadə edir. Hər bir plastik kartın isə öz mobil proqramı var. Bu gün onlayn bankçılıq sahəsində problemlər yaşanır, narazı vətəndaşların sayı günü-gündən artır.
Vətəndaşlar əvvəllər daha çox bir bankın plastik kartından digər bankın kartına pul köçürərkən yüksək faizlə pul tutulmasından narazılıq edirdilər. Ancaq indi eyni bankın kartından daxili köçürmə olarsa burden da vəsait çıxılır. Bu da haqlı olaraq kart istifadəçilərinin narazılığına səbəb olur. Bu hal daha çox Kapitalbanka məxsus Birbank proqramı vasitəsiə daxili pul köçürmələrində yaşanır və istər-istəməz, nağdsız ödənişlərə marağı azaldır.
“Banklar Haqqında” Qanuna görə, banklar müştəriləri ilə xidmət haqqı, tarif məsələsini müstəqil, sərbəst müəyyən edə bilər”
Mövzu ilə bağlı fikir bildirən bank sahəsi üzrə ekspert Əkrəm Həsənov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, “Banklar Haqqında” Qanuna görə, banklar müştəriləri ilə xidmət haqqı, tarif məsələsini müstəqil, sərbəst müəyyən edə bilər. Bu məsələdə məhdudiyyət yoxdur: “Adətən banklar müqavilədə yazır ki, pul köçürmə, nağdlaşdırma, kartdan karta və digər əməliyyatlar zamanı xidmət haqqını bank müəyyən edir. İstədiyi məbləği də müəyyən edə bilər. Eyni bankın daxili köçürməsi də xidmət hesab olunduğu üçün komissiya tutulur. Çünki daxili köçürmə zamanı da əmək sərf olunur. Bu səbəbdən də bank öz xidmətinə görə haqq tuta bilər. Onu da nəzərə almaq lazımdır ki, bank xeyriyyə təşkilatı deyil”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, bəzi banklar daxili köçürməyə görə pul tutmur. Bu o demək deyil ki, bank bu xidmətə görə qazanc əldə etmək istəmir. Sadəcə rəqabət məsələsində öz nüfuzunu qaldırır. Ancaq bir bankdan başqa bir banka vəsait köçürülən zaman daha çox pul tutur. Beləliklə, bank öz qazancını əldə edir: “Bu halda müştəri bank kartı ilə bağlı seçim əldə edə bilər. Ölkədə 23 bank var. Hər bankın öz tarifi, öz qayda-qanunu var. Müştəri bank seçimi zamanı tarifləri nəzərdən keçirsin, hansı sərfəlidirsə ora müraciət etsin”.
Günel CƏLİLOVA