ABŞ Ermənistanın sərhədlərini nəzarətə götürür...
Abutalıb Səmədov:"İran və Türkiyə sərhədlərinə ABŞ-ın müdaxilə etmək imkanı yoxdur"
Ermənistanla ABŞ arasında münasibətlər diqqət çəkəcək qədər irəliləyir. ABŞ-ın Ermənistanı dəstəklədiyi, hətta silahlandırıdığı faktdır. İndi də ABŞ və Ermənistan strateji tərəfdaşlıq sazişi imzalayıb. Ermənistan mediası yazır ki, sənədi Ararat Mirzoyan və ABŞ dövlət katibi Entoni Blinken Vaşinqtonda imzalayıblar.
"Bu, Ermənistan və ABŞ arasında münasibətlərdə təməl nailiyyətdir. Biz strateji tərəfdaşlıq komissiyası yaradırıq və bu komissiya bir sıra sahələrdə - iqtisadiyyat, müdafiə, təhlükəsizlik, demokratiya, digər sahələrdə əməkdaşlığımızı genişləndirmək üçün geniş imkanlar yaradır" - ABŞ dövlət katibi deyib.
Blinken bildirib ki, gələn həftə xüsusi sərhəd mühafizə qrupu birgə sərhəd mühafizəsi işlərini həyata keçirmək üçün Ermənistana gedəcək: "Müvafiq təhlükəsizlik işlərini gücləndirəcəyik”.
“Biz mükəmməl tərəfdaşlıq çərçivəsində qısa müddət ərzində çox böyük işlər görmüşük. Beləliklə, biz Ermənistan-ABŞ münasibətlərində mühüm təməl nailiyyəti qeyd edə bilərik: biz Strateji Tərəfdaşlıq Komissiyası yaradırıq”, - ABŞ dövlət katibi bildirib.
Qeyd edilir ki, İrəvan və Vaşinqton arasında ikitərəfli strateji dialoqu strateji tərəfdaşlıq səviyyəsinə qaldırmaq niyyəti hələ 2024-cü ilin iyununda elan edilib.
Blinken deyir ki, gələn həftə Ermənistana sərhəd mühafizəsi üzrə xüsusi qrup gedəcək.
Bu qrup Ermənistanın hansı sərhədləri ilə bağlı iş aparacaq?
"Deməli, ilk növbədə Azərbaycanla, Gürcüstanla sərhədlərin hansısa formada qorunmasından söhbət gedə bilər"
"Alyans" strateji araşdırmalar mərkəzinin rəhbəri, politoloq Abutalıb Səmədov "Bakı-Xəbər"ə şərhində bildirdi ki, Amerika Birləşmiş Ştatları (ABŞ) və Ermənistan arasında imzalanmış strateji tərəfdaşlıq haqqında razılaşma Rusiyanın maraqlarına çox böyük bir zərbədir: "Təqribən 5 gün bundan əvvəl ABŞ Dövlət Departamenti belə bir sənədin imzalanacağı barədə məlumatı təkzib etmişdi. Blinken Administrasiyasının müddətinin başa çatmasına təqribən 1 həftə qalmış Ermənistanla belə bir sənəd imzalandı. Bundan əvvəl bu cür sənəd İsraillə, Vyetnamla və bir sıra digər dövlətlərlə də imzalanıb. Blinken elan edir ki, növbəti ay Ermənistana gömrük və sərhəd mütəxəssisləri göndəriləcək və Ermənistan sərhədinin qorunması ilə bağlı məsləhətləşmələr aparılacaq. Bu, ilk növbədə 1992-ci il sentyabrın 30-da imzalanan Rusiya - Ermənistan sərhəd razılaşmasına ziddir, həmin razılaşmanın kobud şəkildə pozulmasıdır. Digər tərəfdən, 1995-ci ildə Rusiya ilə Ermənistan arasında imzalanmış Rusiya hərbi bazası haqqında müqaviləyə də ziddir. Çünki həmin müqaviləyə görə, Ermənistan ərazisinə hərbiçilərin gəlməsi Rusiyanın hərbi bazası ilə razılaşdırılmalıdır. Onların razılığı olmadan Ermənistan ərazisinə hər hansı xarici dövlətin hərbiçiləri gələ bilməz. Bu, təbiidir ki, Rusiyanı ciddi şəkildə qıcıqlandırır. Baxmayaraq ki, son mətbuat konfransında Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu barədə bir az səbrli danışmağa çalışdı və dedi ki, yaxın günlərdə Mirzoyan Moskvaya gələcək, bu barədə danışıqlar aparılacaq. Ermənistanın bu addımına, şübhəsiz ki, cəsarətli addım desək az olar, bu, avantürist addımdır və Rusiya bundan sonra daha kəskin cavab addımları atmaq məcburiyyətindədir. Nəzərə alsaq ki, Rusiya Ermənistanın ən böyük ticarət tərəfdaşıdır və Ermənistanın xarici ticarət dövriyyəsinin az qala yarısı Rusiyanın payına düşür. Bu il Rusiya ilə ticarət dövriyyəsi keçən ilə nisbətən bir il ərzində hardasa 2 dəfə artıb. Azərbaycandan da bir neçə dəfə artıqdır. Şübhəsiz ki, bu istiqamətdə Rusiya ciddi addımlar atacaq. Rusiyada işləyən ermənilərin müxtəlif bəhanələrlə geri göndərilməsi prosesi başlayacaq".
A.Səmədov vurğuladı ki, Rusiya Ermənistana satdığı ucuz qazın qiymətini qaldıracaq və digər addımlar, şübhə yoxdur, atılacaq. "Eyni zamanda Ermənistanın bu addımı Rusiya-Ukrayna danışıqlarına da, yəqin ki, təsir edəcək. Çünki Rusiya görür ki, Ukrayna müharibəsi davam etdikcə onun hər tərəfdə mövqeləri zəifləməkdə davam edir. Suriyanı itirdi, indi Ermənistanı itirmək üzrədir və bunun da əsas səbəbi Rusiyanın Ukraynada apardığı işğalçı müharibədir. Bu biri tərəfdən, Tramp öhdəlik götürür ki, 6 ay ərzində bu məsələni həll etsin və sülhə nail olsun. Ancaq necə nail olacağı da ciddi sual altındadır. Çünki ABŞ-n Ukraynaya maksimum təzyiq göstərmək imkanı olsa da, Rusiyaya təzyiq göstərmək və onu məcbur etmək imkanları xeyli məhduddur.
Rusiya özünün ötən ilin yayında elan etdiyi tələblərdən geri çəkilmək fikrində deyil. İşğal etdiyi dörd vilayətin geridə qalan ərazisindən Ukrayna qoşunu çıxarılmalıdır və hamısı Rusiyaya verilməlidir.
Ukrayna neytral olmalıdır, sanksiyalar götürülməlidir və sair. Bununla da kifayətlənmir, başqa tələblər də var. O tələblərə Ukraynanın razı olması mümkünsüzdür. Bir halda mümkündür ki, Tramp Ukraynaya ciddi şəkildə təzyiq göstərsin, şantaj etsin ki, əgər razılaşmasan yardımlar dayandırılır. Yeri gəlmişkən, Trampın son mətbuat konfransında verdiyi bəyanat, onun Rusiyaya haqq qazandırmağa cəhd etməsi, müharibənin başlanmasının əsas günahkarı olaraq ABŞ-ı, dolayısı ilə Ukraynanı görməsi onun gələcəkdə atacağı addımlardan müəyyən qədər xəbər verir. Ancaq bütün hallarda 6 ayda sülhə nail olmaq mümkün görünmür. Baxmayaraq, artıq Rusiya da maraqlıdır ki, mümkün qədər tez bu proses yekunlaşsın və Ermənistanla daha ciddi məşğul olmaq imkanı əldə etsin. Şübhəsiz ki, burda hər şey Trampın da atacağı addımlardan asılı olacaq.
Tramp imzalanmış razılaşmanı reallaşdırmaq üçün addımlar atacaqmı? Çünki Blinkenin elan etdiyi gömrükçülər və sərhədçilər qrupunu artıq Tramp administrasiyası göndərməlidir. Artıq bir həftədən sonra Blinkenin və onun təmsil etdiyi komandanın müddəti bitir. Trampın atacağı addımlardan çox şey asılı olacaq. Hər halda, Ermənistan ABŞ-la tərəfdaşlıq sazişi imzalamaqla Rusiyanın müəyyən etdiyi qırmızı xətləri xeyli keçdi. İndi növbə artıq Rusiyanındır və səbrli bəyanatlarla bu məsələni yoluna qoymaq mümkün olmayacaq. Artıq kəskin addımlar atılmalıdır, əgər Rusiya özündə o gücü hiss edirsə. Əks halda Rusiyanı Ermənistanda da Suriyadakı taleyi gözləyir. Sərhədlərlə bağlı onu demək olar ki, əgər ABŞ bu sahədə real addımlar atmaq istəsə, təbiidir ki, bütün xarici sərhədləri qorumaq istiqamətində Ermənistanla əməkdaşlıq etməlidir. Ancaq İran və Türkiyə sərhədini müddətsiz qorumaq barədə Rusiya razılaşma imzalayıb. Bu səbəbdən İran və Türkiyə sərhədlərinə ABŞ-ın müdaxilə etmək imkanı yoxdur. Deməli, ilk növbədə Azərbaycanla, Gürcüstanla sərhədlərin hansısa formada qorunmasından söhbət gedə bilər.
Ancaq bir daha təkrar etmək istəyirəm ki, Trampın tutacağı mövqedən çox şey asılı olacaq. Tamamilə mümkündür ki, o, müxtəlif bəhanələrlə o sazişi icra etməkdən imtina etsin. Yaxud icrasını ləngitməyə çalışsın" - deyə A.Səmədov qeyd etdi.
İradə SARIYEVA