Ən çox şikayətlər bu 3 bankdan gəlir...
Əkrəm Həsənov: “Ən çox şikayət olunan banklar vətəndaşlarla işləyənlərdir”
Azərbaycanda ən çox şikayət olunan bankların adı açıqlanıb. 2024-cü ilin dekabr ayı üzrə bank müştərilərinin bank xidmətlərindən istifadəsi üzrə şikayət indeksində “BTB Bank” 2,74 bəndlə lider olub.
Qeyd edək ki, “BTB Bank” bundan əvvəl ötən ilin sentyabr ayında şikayətlər üzrə qırmızı zolağa düşmüşdü. Bank 4,28 bəndlə ən çox şikayət olunan ikinci bank seçilmişdi. Daha sonra Turanbank və Bank of Baku şikayət olunan banklar siyahısında ilk sırada yer alır. Maraqlıdır, müştərilərin narazı qaldığı məqamlar nədir?
“Banklar bəzən kredit borcunu düzgün hesablamır, girovu qaytarmır, kredit vermir, vətəndaşa daha çox borc yazılır, bu da təbii olaraq narazılığa səbəb olur”
Bank sahəsi üzrə ekspert Əkrəm Həsənov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, müştərilər daha çox bank kreditləri ilə bağlı narazılıq edir: “Banklar bəzən kredit borcunu düzgün hesablamır, girovu qaytarmır, kredit vermir, vətəndaşa daha çox borc yazılır. Bu da təbii olaraq narazılığa səbəb olur. Bununla yanaşı, bank əmanətləri, kartlardan vəsaitin anidən silinməsi, pul köçürmələrilə də bağlı problem olur. Bu kimi problemlərin sayı çoxdur. Kartdan pul silinməsi halı adıçəkilən banklarda elə də çox olmur. Bu hal daha çox Kapital və Beynəlxalq Bankda müşahidə olunur”.
Ekspert hesab edir ki, vətəndaşların banklardan narazı qalması onların fəaliyyətinə heç bir təsir etməyəcək. Buna görə bank bağlana bilməz. Vətəndaş şikayətində haqlıdırsa məhkəməyə müraciət edə bilər. Məhkəmə də onun iddiasını təmin edər: “Onu da deyim ki, ən çox şikayət olunan banklar vətəndaşlarla işləyənlərdir. Elə bank var ki, vətəndaşlarla az işləyir. Bu banklardan biri Paşa Bankdır. Qeyd etdiyim bank şirkətlərlə əməkdaşlığa daha çox üstünlük verir. Bu tip banklar istehlakçı ilə az işlədiyi üçün şikayət də çox olmur”.
Günel CƏLİLOVA