Avroittifaqın Ermənistandakı "mülki missiyası" Azərbaycana hesabat verir?..
Abutalıb Səmədov: "Hesab edirəm ki, Ermənistandakı Avropa İttifaqı muşahidə missiyası sabitliyə deyil, sabitliyin pozulmasına xidmət edir"
Avropa İttifaqının (Aİ) Xarici İşlər və Güvənlik Siyasəti üzrə Ali Nümayəndəsi qurumun Ermənistandakı mülki missiyasının müddətinin daha iki il uzadılmasını təklif edib.
Aİ Ali Nümayəndəliyinin mətbuat xidmətindən bildirilib ki, Avropa İttifaqına üzv dövlətlər təklifi müsbət qarşılayıb və hazırda Avropa İttifaqı Şurasının müvafiq qurumları ilə gərəkli hüquqi aktlar müzakirə edilir: "Aİ Şurasının missiya müddətinin uzadılmasına dair qərarının yaxın günlərdə veriləcəyi gözlənilir”.
Çox maraqlıdır ki, bu missiya Ermənistanda fəaliyyətə başlamazdan əvvəl onun mövcudluq şərtləri həm də Azərbaycanla razılaşdırıldı. Amma daha sonra missiyanin sayının artırılması və müddətinin uzadılması barədə Azərbaycan tərəfi ilə heç bir məsləhətləşmə aparılmadı, nəyə görə - bəlli deyil.
Bununla yanaşı, missiya sözçüsü bildirib ki, onlar monutorinqlar apararaq sülhə töhfə verirlər - hesabatlar hazırlayırlar, bu hesabatları guya Azərbaycan tərəfinə də təqdim edirlər. Amma nədənsə, indiyə qədər Avroittifaq missiyasının Azərbaycan tərəfinə hesabat təqdim etməsi barədə hec bir informasiya yoxdur.
O ki qaldı Avroittifaq missiyasının sülhə töhfə verməsinə, faktiki olaraq, missiyanın fəaliyyətinin uzadilmasına Azərbaycan tərəfi razılıq verməyib və bu, sözsüz ki, rəsmi Bakıda qıcıq yaratmaya bilməz. Missiyanın fəaliyyətinə tərəflərdən biri, yəni Azərbaycan razı deyilsə, bu missiya sülhə neçə töhfə verə bilər? Azərbaycan yalnız 40 nəfərdən ibarət missiyaya iki ay müddətinə razıliq verib. Artıq ikinci ildir ki, Avroittifaq missiyası Ermənistandadir.
Məsələ ilə bağlı baki-xeber.com saytına açıqlamasında Abutalıb Səmədov bildirdi ki, Avropa İttifaqının müşahidə missiyası 2022-ci ilin sonlarında, Praqada keçirilən görüşdə təşkil edildi: "Qərara alındı ki, missiya Azərbaycan-Ermənistan sərhədində müşahidələr aparsın - hər iki tərəfin razılığı əsasında iki ay müddətinə belə bir missiya yaradıldı. Azərbaycan ərazisində də müşahidəçilər yerləşdirmək istədilər, lakin rəsmi Bakı buna razılıq vermədi. Ancaq Azərbaycan tərəfi missiyaya lazımı kömək göstərəcəyini bəyan etdi. Çox təəssüf ki, müddət bitdikdən sonra Azərbaycanla razılaşdırılmadan missiyanın Ermənistanda qalma müddətinin uzadılması barədə qərar qəbul edildi. Sonra Avropa İttifaqı ilə Ermənistan arasında əldə edilən razılaşma ilə qərara alındı ki, Avropa İttifaqının missiyası 2025-ci ilin fevral ayının 19-a qədər Ermənistanda qalsın. İndi müddətin bitməsinə bir aydan bir qədər çox vaxt qalıb, Azropa İttifaqı müddəti uzatmaq istəyir.
Yeri gəlmişkən, missiyanın tərkibi də xeyli genişləndirilib və hazırda onun tərkibində 209 nəfər var. Nədənsə, bu missiyada Kabada da təmsil edilir. Əgər bu Avropa İttifaqının missiyasıdırsa, Kanadanın burada təmsil edilməsinə nə ehtiyac var? Yəni Kanada hansı əvəzedilməz mütəxəssisi təqdim edib ki, o mütəxəssis Azvropa ölkələrində yoxdur və buna görə də Kanadanın yardımına ehtiyac duyulub?
Əslinə qalsa, missiyaya amerikalı hərbiçilərin rəhbərlik etməsi və bütövlükdə bunun Avropa İttifaqının yox, NATO-nun müşahidə missiyası olması şübhə doğurmur. Dəfələrlə həm Azərbaycan, həm də Rusiya tərəfindən elan edilib ki, bu mussiyanın əsas vəzifəsi casusluq işi aparmaq, informasiya toplamaqdır - bu missiya sabitliyə və təhlükəsizliyə xidmət etmir. Ermənistanla Avropa İttifaqı arasında imzalanan sazişə görə, müşahidə missiyasının əsas işi sərhəddə sabitliyin təmin edilməsinə töhfə verməkdir. Guya missiya atəşkəsin pozulmamasına, insidentlərin baş verməməsinə nəzarət etmək funksiyasını yerinə yetirməli idi. Artıq uzun müddətdir ki, sərhəddə heç bir problem də yoxdur. Ancaq missiya "yorulmadan çalışır", hələ müddəti daha iki il də uzatmaq istəyirlər.
Missiyanın hesabatlarına gəldikdə isə, imzalanmış sazişə görə bu, Ermənistan tərəfinə təqdim edilməlidir. Azərbaycana belə bir hesabatın təqdim edilməsinə ehtiyac yoxdur. İnanmıram ki, Azərbaycan hökuməti belə bir hesabati qəbul etsin. Ola bilsin ki, hər hansı informasiyadan ibarət bir-iki cümləlik, heç bir ciddi mahiyyət daşımayan məktublar göndərirlər, Azərbaycanın müvafiq qurumu, yəqin ki, Xarici İştir Nazirliyi də heç bir reaksiya vermədən o məktubları bir kənara atır. Çünki bunlar əhəmiyyətsiz məsələlərdir. Missiya Azərbaycana nə barədə hesabat verə bilər ki, o bizim üçun faydalı olsun? Bu hesabatlarda bizim üçun maraqlı heç bir məlumat olmadığı üçün bunun cəmiyyətə açıqlanması da mənasızdır.
Hesab edirəm ki, Avropa İttifaqının missiyasının Azərbaycana hesabat verməsi həqiqətə uyğun deyil. Azərbaycanın da onların hesabatına ehtiyacı yoxdur, çünki bu missiyanın Ermənistanda qalmasını rəsmi Bakı yanlış hesab edir.
Hesab edirəm ki, Ermənistandakı Avropa İttifaqı muşahidə missiyası sabitliyə deyil, sabitliyin pozulmasına xidmət edir. İki dövlət sülh sazişi imzalamaq istəyirsə, əksər məsələlər də razılaşdırılıbsa, ilk növbədə qarşılıqlı etimad olmalıdır. Bölgəyə üçüncü qüvvənin gətrilməsinə heç bir ehtiyac yoxdur.
Yeri gəlmişkən, sülh sazişi layihəsində Azərbaycanın tələblərindən biri də budur - bölgədə xarici qüvvələrin olmaması tələbi var. Bu baxımdan Avropa İttifaqının müsahidə missiyasının Ermənistanda yerleşdirilməsi sülh sazişinin imzalanmasına bir əngəldir. İndi belə bir iddia var ki, guya Avropa İttifaqının müşahidə missiyası sulh sazişinin imzalanmasına xidmət edir və bu məqsədlə "gecə-gündüz çalışır". Halbuki, sülh sazişinin razılaşdırılmayan maddələrindən biri elə bu missiyanın aradan qaldırılması ilə bağlıdır, bu, sülh sazişini ləngidir. Həm Ermənistan, həm də Avropa İttifaqı bunu nə qədər tez dərk etsələr bölgədə sabitliyin və əminamanlığın bərqərar olmasına bir o qədər xidmət etmiş olardılar. Avropa İttifaqının missiyasına qətiyən ehtiyac yoxdur, əksinə, bu missiya bölgədə gərginlik yaradır və sülh sazişini ləngidir.
Təəccüb doğuran məsələlərdən biri də İranın mövqeidir. Azərbaycanda olmayan kəşfiyyat mərkəzlərini axtaran İran, nədənsə, Ermənistandakı kəşfiyyatçiları "görə bilmir". Xarici qüvvələrin bölgəyə yeridilməsinə daima etiraz edən və bunu Azərbaycanla əlaqələndirməyə çalışan İran gözünün qabağında olan, bütün dünyadan yığılmış 209 nəfərlik "mülki müşahidəçini" nədənsə görmür və ya görmək istəmir.
Hələlik bir ay vaxtımız var, ümid etmək olar ki, Ermənistan hakimiyyəti bu missiyanın müddətinin uzadılmasının dövlətlərarası münasibətlərə zərər vuracağını anlayacaq və missiyanın müddətinin uzadılmasına etiraz edəcək.
Əks halda həm sülh sazişi ləngiyəcək, həm də dövlətlərimiz arasında olan gərginlik davam edəcək".
Dəniz NƏSİRLİ