Azərbaycandan Avropaya qaz satışı bir ildə 9 faizdən çox artıb
"Ötən il ərzində Azərbaycanda təbii qaz hasilatı 4,14 faiz artaraq 50,3 milyard kubmetr olub." Energetika Nazirliyinin açıqlamasında deyilir ki, qazın 13,3 milyard kubmetri “Azəri-Çıraq-Günəşli”, 27,8 milyard kubmetri “Şahdəniz”, 1,5 milyard kubmetri “Abşeron” yatağı, 7,7 milyard kubmetri isə SOCAR üzrə hasil olunub. 2023-cü ilin müvafiq dövrünə nisbətən 2 milyard kubmetr artımla qaz hasil edilib.
Hesabat dövründə xaricə qaz satışı 25,2 milyard kubmetr təşkil edib ki, bu da 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 5,8 faiz çoxdur. Bunun 12,9 milyard kubmetri Avropaya (9,3 faiz artım), 9,9 milyard kubmetri Türkiyəyə (4,21 faiz artım), 2,4 milyard kubmetrdən çoxu isə Gürcüstana (4 faiz azalma) satılıb. Türkiyəyə TANAP-la bu müddətdə 5,6 milyard kubmetr qaz nəql olunub ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə sabit qalıb.
Mətləb Salahov