Xaricdən gətirilən heyvan və quş ətləri yerli məhsuldan daha ucuz satılır - səbəb...
Kamran Məmmədli: “Yerli ət, balıq və quş əti məhsullarının istehsalına fikir vermək lazımdır ki, idxala üstünlük verilməsin, belə olarsa…”
Məlumdur ki, son zamanlar ətin qiyməti artmaqda davam edir. Bunun səbəbi kimi daxildə ət məhsullarının lazımi səviyyədə olmaması bildirilir. Bu səbəbdən də ölkəmizə ət məhsulları idxal olunur.
Son illər xaricdən gətirilən iri və xırdabuynuzlu heyvanların əti, quş məhsulları və balıqlar yerli bazarlarda geniş yayılmağa başlayıb. Maraqlı məqam ondan ibarətdir ki, idxal məhsulları çox vaxt yerli istehsal məhsullarına nisbətən daha ucuz qiymətlərlə təklif olunur. Qiymət fərqi alıcılar arasında müəyyən narahatlığa səbəb olur.
Maraqlıdır, idxal məhsullarının ucuzluğunun arxasında duran əsas səbəblər nədir?
“İdxal olunan ət məhsullarının 99 faizi emal prosesində istifadə olunmaq üçün gətirilir və dönərxanalara, ictimai-iaşə obyektlərinə verilir”
Iqtisadçı Kamran Məmmədli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, idxal edilən ət məhsulları keyfiyyət və dəyər baxımından yerli ət məhsullarından xeyli dərəcədə aşağıdır: “İdxal olunan ət məhsullarının 99 faizi emal prosesində istifadə olunmaq üçün gətirilir və dönərxanalara, pizza bişirilən yerlərə, kolbasa hazırlayan sexlərə, ictimai-iaşə obyektlərinə verilir. Çünki həmin məhsulların maya dəyəri aşağıdır. Hətta 7-8 manata aldığımız dönər məhsulunda istifadə olunan ət yerli istehsal deyil. Həmin dönərlərdə də xaricdən gələn ətlərdən istifadə olunur. Belə məhsulları insanlar evlərində istifadə etmək üçün almır. Orta gəlirli vətəndaş çalışır ki, yerli istehsal olan və gözünün önündə qəssabın kəsdiyi əti alsın”.
Ekspert hesab edir ki, daxildə heyvandarlıq sahəsi inkişaf etməlidir: “Sahibkarlara dövlət dəstəyi lazımdır. Örüş yerlərinin sayı artırılmalıdır. Yemin qiyməti azaldılmalıdır. Yem qiymətlərinin artması isə bir çox fermerləri bazardan çıxmağa vadar etdi. Kiçik sahibkarlar və fermerlər bu işlə məşğul olmaqdan vaz keçdilər. Digərləri də yemi baha aldıqlarına və xərcləri çoxaldığına görə ətin qiymətini artırdılar. Yerli istehsalın azalması qiymətlərə ciddi təsir edir. Məlumdur ki, idxalın həcmi böyük olduqca qiymətlər də xarici amillərdən asılı olur. Ona görə də idxalın artması yaxın gələcəkdə qiymət artımına səbəb olacaq. Ümumiyyətlə, yerli ət, balıq və quş əti məhsullarının istehsalına fikir vermək lazımdır ki, idxala üstünlük verilməsin. Belə olarsa qiymət də münasib olar”.
Günel CƏLİLOVA