Yeni dünya düzəni, D-8, Türk Dövlətləri Təşkilatı... Azərbaycanın təşəbbüsləri....
Azərbaycanın daim dəyişən beynəlxalq və regional proseslərə uyğun aparılan xarici siyasətinin təməli Ümumilli Lider Heydər Əliyev tərəfindən qoyulub. Heydər Əliyevin beynəlxalq təşkilatların rəhbərləri ilə keçirdiyi görüşlər, əldə etdiyi razılaşmalar, dünyanın güc mərkəzləri ilə apardığı müzakirələr sayəsində Azərbaycan qlobal siyasi arenada etibarlı tərəfdaş kimi etimad qazanıb.
Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində Azərbaycan dünyanın müxtəlif ölkələri və təşkilatları ilə həm sosial, həm hərbi, həm siyasi, həm də iqtisadi sahələrdə əməkdaşlıq qurub və beynəlxalq nüfuzu ildən-ilə artıb. Ölkəmiz beynəlxalq siyasi münasibətlər çərçivəsində həll olunan məsələlərdə fəal iştirak edir, həmçinin, qlobal və regional miqyasda xüsusi nüfuza sahib olan beynəlxalq təşkilatlarla əməkdaşlığa böyük önəm verir.
Yeni dünya düzəninin formalaşmasında Azərbaycanın rolu hər keçən gün artır
Reallıq ondan ibarətdir ki, dünyada yeni dünya düzəni formalaşır. Yeni dünya düzəninin formalaşmasında, bununla bağlı çağırışlarda Azərbaycanın rolu hər keçən gün artır. İndi dünyada müşahidə etdiyimiz proseslər şübhəsiz ki, yeni dünya düzəninin qurulması ilə əlaqəlidir. Bunun əsas mərkəzləri hazırda Ukrayna və Yaxın Şərqdir. Əlbəttə, bundan əvvəl ilk addımın Cənubi Qafqazda atıldığını unutmaq olmaz. Azərbaycan 44 günlük müharibədə torpaqlarını işğaldan azad edərək sonda tam şəkildə regionda suverenliyini və ərazi bütövlüyünü təmin etdi. Bununla Cənubi Qafqazda yeni reallıqlar yaratdı. Bütün bunlar bu və ya digər şəkildə digər regionlarda gedən proseslərə də təsir göstərdi. Eyni zamanda nəzərə almaq lazımdır ki, bir sıra region və dünya əhəmiyyətli inteqrasiya platformaları məhz Azərbaycanın təşəbbüsü ilə yaranıb, ərsəyə gəlib. Məhz bir sıra ölkələr Azərbaycanın təşəbbüsü və nüfuzu hesabına çoxsaylı məsələlərdə konsensus əldə edildi.
D-8 və Türk Dövlətləri Təşkilatı yaranan boşluğu doldura bilər
Prezident İlham Əliyev yerli telekanallara müsahibəsində dedi ki, yeni dünya nizamı formalaşdırılır və bu fürsəti qaçırmaq olmaz: “Hesab edirəm ki, biz bu prosesin başlanğıcındayıq, bir çox boşluqlar yaranmaqdadır və yaranacaq. İkinci Dünya müharibəsindən sonra yaranmış sistem artıq öz potensialını itirib. Bunu bir çox yerlərdə gedən proseslər, münaqişələr, müharibələr və sair hadisələr göstərir. Eyni zamanda, aparıcı Qərb ölkələrində siyasi və mənəvi böhran da göz qabağındadır. Yəni, bu gün Qərbin üzləşdiyi vəziyyəti ən çox tənqid edən Qərbin aparıcı ölkəsinin seçilmiş prezidentidir, haqlı olaraq tənqid edir. Çünki bu sistem artıq tükənib. Bunu mən demirəm. Bunu Amerikanın bir neçə gündən sonra Prezidenti olacaq cənab Tramp deyir. Təbii olaraq, bu boşluqlar daha da genişlənəcək və burada yeni aktorun, yeni, ciddi oyunçunun ciddi gündəliklə daxil olması zərurətdir. Məsələn, biz hesab edirik ki, Türk Dövlətləri Təşkilatı dünya miqyasında ciddi güc mərkəzinə çevrilə bilər. Çünki burada geniş coğrafiya, insan resursları, təbii sərvətlər, nəqliyyat-kommunikasiya xətləri və birlik vardır. Hesab edirəm ki, D-8 də bu boşluğu doldura bilər və bu ölkələrdə yenə də deyirəm, 1 milyarddan çox, bəlkə də 1 milyard 300 milyon insan yaşayır. Müsəlman ölkələrinin iqtisadiyyatının 60 faizi D-8-dədir, əhalinin 60 faizi yenə də D-8 ölkələrindədir. Ona görə bu, bir fürsətdir. Bu fürsəti qaçırmaq olmaz, vaxt itirmək olmaz və biz bu gündəliklə bu təşkilata üzv oluruq. Hesab edirəm ki, bizim fikirlərimiz və təkliflərimiz diqqətlə nəzərə alınacaqdır”.
Yəni yeni dünya düzəninin formalaşmasında, Prezidentin dediyi kimi, boşluq yaranıb. Yaranmış bu boşluğu doldurmaqda D-8-in, TDT-in, Qoşulmama Hərəkatının, İslam Əməkdaşlıq Təşkilatının nə kimi rolları ola bilər?
Qloballaşma prosesində bu qurumlar öz sözünü deməlidir
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən tarix elmləri doktoru, professor Məhərrəm Zülfüqarlı buna bir neçə aspektdən yanaşdı: “Əvvəla, Prezident Əliyevin müsahibəsi, toxunduğu məsələlər böyük marağa səbəb oldu. Biz dövlət müstəqilliyimizi bərpa etdikdən sonra Qərbə inteqrasiya, Qərb dəyərləri ilə bağlı böyük gözləntilərimiz var idi. O zaman qərb ölkələrindən gələn nümayəndələrlə görüşəndə onlar deyirdilər ki, bizim də çoxsaylı problemlərimiz var. Yəni o problemləri o zaman görmürdük. Çünki SSRİ dönəmində o qədər məhrumiyyətlər olmuşdu ki, insan haqlarının, demokratiyanın pozulması və s. Ona görə də biz Qərbə ideal baxırdıq. Hətta belə bir sadəlövh fikrimizdə var idi ki, “Əsrin müqaviləsi”ndən sonra Qərb ölkələri Azərbaycanın haqq işini müdafiə edəcək, işğalçı Ermənistanı yerində oturdacaq. Ancaq biz bütün bunların tamamilə əksini gördük. ABŞ 1992-ci ilin 24 oktyabrında 907-ci düzəlişi qəbul edərək Azərbaycana dövlət yardımını qadağan etdi. İşğalçı Ermənistana və Qarabağdakı separatçı rejimə yardımları artırdılar. Bu onun göstəricisidir ki, demokratiya, insan haqları məsələsi arxa plana keçdi. Əsas bu ölkələrin dövlət marağı önə çəkildi. Prezident də çox düzgün olaraq deyir ki, bütün bunlar bizə qarşı olan ədalətsizliklərdir. Gör dünyada necə vəziyyət yaranıb ki, hətta neofaşist qüvvələr hakimiyyətə gəlmək üzrədilər. Ona görə də biz yeni dünya düzəninin qurulmasında fəal iştirak etməliyik. Burada islam və türkdilli ölkələrlə əməkdaşlıq önə çəkilməlidir. Çünki sözügedən ölkələr həm strateji, coğrafi mövqeyə malikdir, həm də zəngin resurslara sahibdilər. O baxımdan niyə də D-8 təşkilatı, Türk Dövlətləri Təşkilatı, İƏT proseslərdə fəal iştirak etməsin? Bu təşkilatlarda təmsil olunan ölkələr birlikdə hərəkət etməklə yeni dünya düzəninin formalaşmasına yön verə bilərlər. Qloballaşma prosesində bu qurumlar öz sözünü deməlidir və burda da Azərbaycanın yeri böyükdür”.
Vidadi ORDAHALLI
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.