Tikinti sahibkarlarının vergisi azaldıldı - mənzilin qiymətində nə gözlənilir...
Firdovsi Xəlilov: “Yeni qaydalara əsasən, vergi yalnız mənzilin mənfəət hissəsi sahibkara ödənildikdən sonra tutulacaq”
“Vergi Məcəlləsi”nə edilən dəyişikliklərdən biri də tikinti ilə məşğul olan sahibkarların vergi yükünün azalması ilə bağlıdır. Bina tikintisi sahəsində gəlirlərin və gəlirdən çıxılan xərclərin vergitutma məqsədləri üçün dəqiq təsbit edilməsi mexanizmi müəyyənləşib.
Yeni qaydalara əsasən, tikintisi həyata keçirilən hər bir bina üzrə çəkilən xərclər bina üzrə ümumi qiymətləndirilən xərclərlə müqayisə edilir və faktiki çəkilən xərcin ümumi xərclərdə xüsusi çəkisi müəyyənləşdirilir. Bu zaman həmin binadan təqdim edilmiş yaşayış və qeyri-yaşayış sahələrinin satış dəyəri qeyd edilən qaydada müəyyən edilən həcm nisbətində vergi tutulan gəlirlərə, faktiki çəkilən xərclər isə gəlirdən çıxılan xərclərə aid edilir.
Maraqlıdır, məlum qaydalar yeni tikililərdə mənzillərin qiymətlərinə təsir edəcəkmi?
“Son dəyişikliklə əlaqəli bu baş verəcək ki, inşaat gedən binada görülən işlər mənfəət vergisinə daxil olur, bu da hissəvi satışlar zamanı özünü bariz göstərəcək”
Əmlak məsələləri üzrə ekspert Firdovsi Xəlilov “Bakı-Xəbər”ə şərhində bildirdi ki, yeni qaydalara əsasən, vergi yalnız mənzilin mənfəət hissəsi sahibkara ödənildikdən sonra tutulacaq. Əvvəl isə, xüsusən hissəli satışla satılan mənzillərdə ilkin ödəniş maya dəyərinə aid edilsə də, mənfəət vergisi bu məbləğdən çıxılırdı: “Vergi Məcəlləsinə edilən dəyişiklik sahibkarların yeni tikili binalarda hissəli satış üçün marağını artıracaq ki, bu da sözügedən mənzilin vətəndaş üçün əlçatanlığına səbəb olacaq. Məlumat üçün deyim ki, əvvəlki dövrlərdə mənzil hissəli satılan zaman mənfəət vergisi mənzilin ümumi dəyərindən tutulurdu. Son dəyişikliklə əlaqəli bu baş verəcək ki, inşaat gedən binada görülən işlər mənfəət vergisinə daxil olur, bu da hissəvi satışlar zamanı özünü bariz göstərəcək. Əvvəlki qanunvericilikdə mənfəət vergisi tam ödənilirdi, indi isə nə qədər iş görülübsə o qədər vergi ödəniləcək. Bu isə ədalətli bir qaydadır”.
Ekspertin sözlərinə görə, yeni tikili binalarda mənzillərin ucuzlaşmasına səbəb ola biləcək amillərdən biri təklifin artmasıdır. Bunun üçün isə bina layihələrinin müvafiq icazə sənədləri vaxtında təsdiqlənməlidir: “Mənzil bazarında qiymətlərin ucuz olması üçün təkliflər artırılmalıdır. Bunun üçün müvafiq orqanlar şəffaflığı qorumaq şərtilə icazə prosesini sürətli edərsə mənzil bazarında qiymət stabilləşər. Eyni zamanda, sahibkarlara güzəştli kreditlərin aşağı faizlə verilməsi, tikinti materiallarının ucuzlaşması kimi amillər yeni tikili binalarda mənzillərin aşağı qiymətlə təklif edilməsinə səbəb ola bilər”.
Genel CƏLİLOVA