Qəhrəmanlıq dastanı yazan Mirxəyal...
44 günlük haqq savaşımızda Vətən və millət yolunda son damla qanına qədər yağıya qarşı döyüşüb şəhidlik zirvəsinə ucalan qəhrəman oğullardan biri də Mirxəyal Kərimzadədir. Azərbaycanın yeni, şanlı tarixinə adını yazan Vətən sevdalının 26 yaşı tamam oldu. Doğum günü münasibətilə uyuduğu müqəddəs torpaq ziyarət edildi, məzarının önünə gül dəstələri qoyuldu.
Mirxəyal Kərimzadə 1999-cu ildə Lənkəran şəhərində anadan olub. Orta təhsilini Lənkəran şəhər 9 saylı və 7 saylı tam orta məktəblərində alıb. Erməni dığalardan qisas almaq məqsədilə ordu sıralarına gedib. Vətənini göz-bəbəyi kimi qoruyub, 2018-ci ildə hərbi xidmətini ləyaqətlə başa vurub. Sonra bir müddət kompüter texnologiyaları mütəxəssisi kimi çalışmağa başlayıb.
Vətən müharibəsi zamanı Füzuli və Xocavənd istiqamətində gedən ağır döyüşlərdə vuruşub. Xocavəndin Yuxarı Veysəlli kəndinin alınmasında xüsusi igidlik göstərərək düşmənə sarsıdıcı zərbələr endirib və xeyli sayda canlı qüvvəsini məhv edib.
3 noyabr səhər saatlarında Xocavənd uğrunda gedən ağır müharibədə o, yaralanmış komandirini və bir neçə döyüş yoldaşını döyüş meydanından çıxararaq onlara ilk tibbi yardım göstərib. Zirehli üst geyimini çıxararaq, yaralı komandirinin üstünə atıb, ona ikinci həyat verib və yenidən özü döyüşə qatılıb. Bir neçə dəqiqə sonra düşmən tərəfindən açılan atəş Mirxəyalın qarın boşluğuna tuş gəlib, qəhrəmancasına şəhid olaraq əbədiyyət adlı dünyasına qovuşub.
M.Kərimzadə ölümündən sonra “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Hərbi xidmətlərə görə” və “Vətən uğrunda” medallarına layiq görülüb.
Zəfər ORUCOĞLU
Azərbaycan Jurnalistlər Birliyinin