Azərbaycan yeni dünya düzəni quranlara kəskin arqument göstərdi - “bunsuz olmaz” deyildi...
Əli Orucov: “Bütün bunlar Azərbaycan üçün yeni fürsətlər deməkdir”
Prezident İlham Əliyev yerli telekanallara müsahibəsində bildirdi ki, öz siyasətimizlə, sərmayə qoyuluşumuzla Cənubi Qafqazda faktiki olaraq, yeni nəqliyyat və energetika xəritəsini yaratmışıq:
“Bir tərəfimiz Xəzər üzərindən Orta Asiyaya uzanır, bir tərəfimiz Avropaya və bu böyük coğrafiyada Azərbaycan faktiki olaraq əvəzolunmaz ölkəyə çevrilir. Sadəcə olaraq, xəritəyə baxmaq kifayətdir, hər kəs görsün ki, Orta Asiya və Qərb dünyası ilə birləşmək, bağlantılar yaratmaq istəyən Azərbaycandan yan keçə bilməz. Yəni bunu bizsiz edə bilməzlər və müasir infrastruktur, sabitlik, düşünülmüş siyasət və dünyaya açıqlıq. Yəni biz yeni dünya nizamına öz töhfəmizi əməllərimizlə veririk, çünki bəzən bu, bir qədər diqqətdən kənarda qalır”.
“Tramp səlahiyyətlərini icra etməyə başlayandan sonra bu proseslərin daha sürətlə gedəcəyi ehtimalı böyükdür”
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən AMİP funksioneri Əli Orucov hesab edir ki, bir sıra reallıqlar var və bununla hesablaşmaq zorundadılar: “Məsələ ondadır ki, ölkənin coğrafi mövqeyi həlledici əhəmiyyətə malikdir. Azərbaycan bu baxımdan əhəmiyyət kəsb edən vacib ölkələrdən biridir. Çünki yerləşdiyi geosiyasi mövqe, necə deyərlər, bunu qarşı tərəfə diqtə edir. O da danılmaz reallıqdır ki, bu gün dünyada yeni nizam qurulur. İkinci Dünya müharibəsindən sonra qurulan nizam artıq işləmir və bunu böyük dövlətlər də etiraf edirlər. Ukrayna müharibəsi, Yaxın Şərqdə ard-arda yaşananlar, Türk Dövlətləri Təşkilatının artan nüfuzu və bu kimi digər məsələlər - bütün bunlar yeni dünya düzəninin qurulmasının bir göstəricisidir. Bütün bunlar dəyişikliklərin qaçılmaz olduğunu göstərir. Prezident əminliklə bəyan edir ki, Zəngəzur dəhlizi açılacaq. Ölkə başçısında bununla bağlı əminlik olmasa, bunu deməz. Deməli, bu qərarlılığın arxasında nələrsə dayanır. Onu da nəzərə almaq lazımdır ki, bir sıra məsələləri ictimaiyyətə açıq demək olmur. O baxımdan görünən odur ki, dünyada çox ciddi proseslər gedir. Tramp səlahiyyətlərini icra etməyə başlayandan sonra bu proseslərin daha sürətlə gedəcəyi ehtimalı böyükdür. Orta Asiya ölkələri neçə illərdir geosiyasi mübarizədə alternativlər axtarır. Çinlə əlaqələr genişləndirilir. Bununla yanaşı Avropa İttifaqının aparıcı ölkələri Orta Asiyaya xüsusi maraq göstərir. Üstəlik, bu ölkələr Rusiyaya əvvəlki kimi etibar etmir. Baxın, Orta Asiyanın 5 ölkəsindən 3-ü Rusiyanın yaratdığı Avrasiya İqtisadi İttifaqında və KTMT-də təmsil olunur. Ancaq buna baxmayaraq, Rusiyada Tacikistandan olan miqrantlara divan tutulur. Halbuki, Rusiyada işçi qüvvəsi çatışmır və bu sahədə çox kəskin problemlər var. Bütün bunlar Azərbaycan üçün yeni fürsətlər deməkdir. Həm coğrafi bağlantı baxımından, həm də siyasi nöqteyi-nəzərdən. Ona görə də Azərbaycansız bunları reallaşdırmaq mümkün deyil”.
Vidadi ORDAHALLI