Qadınlarla bağlı ciddi problemlərin biri bələdiyyələrdədir - nə edək?
Fatimə Hacıbəyli: “Bu gün bələdiyyədə sədr və müavin səviyyəsində qadınların sayı daha azdır”
Azərbaycanda uzun illərdir ki, qadınlar bələdiyyə seçkilərində aktiv deyillər. Sonuncu dəfə 2009-cu il bələdiyyə seçkilərində Azərbaycanda bir neçə qadın bələdiyyə sədri seçilib. Ondan sonrakı illərdə keçirilən bələdiyyə seçkilərində qadınlar arasında bu sahəyə, demək olar ki, maraq azalıb.
Maraqlıdır, nə etmək lazımdır ki, qadınlar da bələdiyyə seçkilərində namizəd kimi iştirak etsinlər? Ümumiyyətlə, qadınlar niyə bələdiyyə sədri olmaq istəmir?
“Qadınların sayının bələdiyyələrdə çox olması həm də bir çox sosial problemlərin həllinə müsbət təsir göstərə bilər”
“Vəfa” Sosial İctimai Birliyinin sədri Fatimə Hacıbəyli “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, bələdiyyədəki qadınların passivliyi onların sayının azlığı ilə əlaqədar deyil. Azərbaycanda ümumilikdə bələdiyyələrin öz fəaliyyəti qənaətbəxş deyil: “Bəli, bu gün bələdiyyədə sədr və müavin səviyyəsində qadınların sayı daha azdır. Onların sayı yerli özünüidarə sistemində qərar qəbul edəcək səviyyədə deyil, bunun üçün bələdiyyə sədri və ya müavin olmalısan”.
Həmsöhbətimizin sözlərinə görə, bələdiyyə seçkilərində gənc namizədlərin sayının artması müsbət hal kimi dəyərləndirilməlidir: “Ümid edirəm ki, növbəti bələdiyyə seçkilərindən sonra qadınların təmsil olunma faizi artacaq. Qadınların sayının bələdiyyələrdə çox olması həm də bir çox sosial problemlərin həllinə müsbət təsir göstərə bilər. Azərbaycan qadınının həm təhsil imkanları, həm bilik və bacarığı, həm də cəmiyyətdə olan statusu və nüfuzu buna imkan verir. Cəmiyyət inkişaf etdikcə qadınların fəallığının artması müşahidə olunur. Artıq Azərbaycan qadını dünya səviyyəsində təmsil oluna biləcək intellekt və savad həddinə yüksəlib. Bununla yanaşı, qadınların cəmiyyətin müxtəlif sahələrində təmsilçiliyi kifayət qədər yüksək deyil. Sosial həyatın bütün sahələrində ağırlığı çiyinlərində daşıyan qadınları ictimai-siyasi proseslərə cəlb etməklə demokratiya quruculuğu prosesini sürətləndirmək olar. Bələdiyyə seçkiləri buna böyük bir fürsət verir. Tədqiqatlardan məlum olur ki, qadınların böyük hissəsinin bələdiyyə seçkisi haqda məlumatları məhduddur. Onlar seçki hüquqları barədə az məlumatlıdırlar. Bələdiyyədə qadın namizədlərin sayının artması üçün həmrəylik olmalıdır. Bu gün rəhbər postlarda çalışan çoxlu sayda qadınlarımız var və onlar bu işin öhdəsindən uğurla gəlir. Ümid edirəm ki, bu il keçiriləcək bələdiyyə seçkilərində iştirak edəcək qadınların sayı çox olacaq və onlar bu sahədə də öz sözlərini deyəcək”.
Günel CƏLİLOVA