Putin üç ölkəni açıq hədələdi – onları vurmaq bizim haqqımızdır…
Rusiya-Ukrayna müharibəsində gərginlik yeni mərhələyə qədəm qoyub. Kiyev administrasiyası ABŞ və Britaniya-Fransa raketləri ilə Rusiyanı vurmağa başlayıb. Moskva da buna cavab olaraq ilk dəfə Ukraynaya qitələrarası ballistik raket atıb.
Ukraynada hərbi raket istehsal edən obyektə ballistik raket zərbəsi endirildiyini Rusiya prezidenti Vladimir Putin də təsdiqlyib: "Rusiya noyabrın 21-də özünün yeni nəsil orta mənzilli "Oreşnik" raketindən nüvə başlığı olmadan istifadə etdi. Hədəf Dneprdəki (Dnepropetrovsk) hərbi-sənaye obyekti idi".
Putinin sözlərinə görə, Rusiya Amerika və Britaniya istehsalı silahlarla ölkə ərazisinə edilən hücumlara cavab olaraq “Oreşnik” raketindən istifadə edib.
Putin deyib ki, noyabrın 19-da 6 ədəd ATACMS raketi və noyabrın 21-də “Storm Shadow” sistemləri Kursk və Bryansk bölgələrində hədəfləri vurub. Putin vurğulayıb ki, uzaqmənzilli silahların istehsal olunduğu ölkələrin mütəxəssisləri olmadan onlarla Rusiya ərazisini vurmaq mümkünsüzdür.
Rusiya prezidenti bəyan edib ki, Rusiya Ukraynanın istifadə etdiyi silahları verən dövlətləri də vurmaq hüququna malikdir.
Putin Qərb istehsalı olan uzaqmənzilli raketlərlə Rusiyaya edilən hücumlardan sonra Ukraynadakı münaqişənin qlobal elementlər qazandığına diqqət çəkib. Rusiya lideri Ukraynanın uzaqmənzilli silahlardan istifadəsinin xüsusi hərbi əməliyyatın gedişinə təsir etməyəcəyini də vurğulayıb.
Putin Yujmaşa hücumda nüvə başlığı olmayan hipersəs ballistik raketdən istifadə edildiyini bildirib.
Putin, Rusiyanın daha sonra orta və qısa mənzilli raketlərin yerləşdirilməsinə düşmənin hərəkətindən asılı olaraq qərar verəcəyini bəyan edib və bildirib ki, hazırda Rusiyanın “Oreşnik” raketlərinin qarşını ala biləcək sistem yoxdur.
Rusiya prezidenti ən yeni orta mənzilli raket olan “Oreşnik” raketinin uğurla sınaqdan keçirildiyini açıqlayıb və “Oreşnik” raketindən istifadənin ABŞ-ın orta və qısa mənzilli raket istehsalı və yerləşdirmə planlarına cavab olduğunu vurğulayıb.
Putin bəyan edib ki, beynəlxalq təhlükəsizlik sistemini Rusiya yox, ABŞ məhv edir.
TAHİR