Heydər Əliyev Mərkəzində “Təbiətdə tarazlıq” sərgisi açılıb
Heydər Əliyev Mərkəzində tanınmış italiyalı monumental heykəltaraş Lorenso Kuinnin (Lorenzo Quinn) “Təbiətdə tarazlıq” sərgisinin açılış mərasimi keçirilib.
Sərginin Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ərəfəsində təşkil olunması təsadüfi deyil. Belə ki, “Təbiətdə tarazlıq” (“Equilibrium in Nature”) ekspozisiyası ictimaiyyətin diqqətini bir daha ekoloji məsələlərə yönəldir. Bakı sərgisinin konsepsiyasının əsasını ətraf mühitin dərk olunması, təbiətə qayğı ideyası təşkil edir.
Açılış mərasimində çıxış edən Azərbaycan Prezidentinin köməkçisi Anar Ələkbərov qısa müddət ərzində öz sərgisinin Azərbaycanda keçirilməsi üçün göstərdiyi dəstəyə görə Lorenso Kuinnə təşəkkürünü bildirib. O, Heydər Əliyev Mərkəzində cari il ərzində bir neçə italyan heykəltaraş və rəssamın təqdimatlarının keçirildiyini bildirib, hazırkı sərgidə çox gözəl heykəltaraşlıq nümunələrinin nümayiş olunduğunu deyib.
Anar Ələkbərov L.Kuinnin əsərlərinin COP29 tədbiri çərçivəsində Azərbaycana gətirildiyini, yaxın günlərdə ölkəmizdə keçiriləcək COP29 konfransına gələn qonaqların da bu incəsənət nümunələrini bəyənəcəyinə ümidvar olduğunu bildirib. Eyni zamanda, Heydər Əliyev Mərkəzində də çoxsaylı tədbirlərin təşkilinin nəzərdə tutulduğu diqqətə çatdırılıb. O, Mərkəzdə Lorenso Kuinnin 15 əsərinin nümayiş olunduğunu deyib, sərginin gələn il mayın 11-dək davam edəcəyini vurğulayıb.
“365 Art” şirkətinin təsisçisi, sərginin kuratoru Olqa Daniele tədbirin yüksək səviyyədə təşkilinə görə Heydər Əliyev Mərkəzinə minnətdarlığını bildirib. O qeyd edib ki, Lorenso Kuinn öz əsərlərində eşqə, məhəbbətə, planetimizə olan vurğunluq hisslərini əsas tutur. Bu baxımdan müəllifin qeyri-adi bacarıqlarını özündə əks etdirən fikirləri məhz onun incəsənət əsərlərində hiss olunur.
Sərginin müəllifi Lorenso Kuinn Bakının çox gözəl şəhər olduğunu deyib, paytaxtımızda keçiriləcək COP29-a çox az vaxt qaldığını bildirib. Möhtəşəm bir məkanda sərgisinin keçirilməsindən şad olduğunu söyləyən L.Kuinn əsərlərinin təbiətin gücünü təcəssüm etdirdiyini bildirib.
Mətləb