COP29-la bağlı ingilisdilli jurnalistlər üçün keçirilən ikigünlük təlimlər yekunlaşdı - FOTO
Medianın İnkişafı Agentliyi və ADA Universiteti İnkişaf və Diplomatiya İnstitutunun birgə təşkilatçılığı ilə COP29-un işıqlandırılmasında fəal iştirak edəcək ingilisdilli jurnalistlər üçün silsilə təlimlər çərçivəsində “COP29 və Dayanıqlı Media Təcrübələri” mövzusunda ikigünlük təlimlər yekunlaşıb.
Təlimin ikinci günündə “Economyfirst Limited London” şirkətinin direktoru, təcrübəli jurnalist Klaus-Peter Ralf Jurgens “Azərbaycanın Qlobal həmrəylik 2.0 tətbiqinə yanaşması” sessiyasında çıxış edərək, COP29 konfransından sonra iqlim dəyişikliyi ilə əlaqədar reportajlar və məlumatlar vasitəsilə ilboyu diqqət mərkəzində qalmaq üsulları barədə iştirakçılarla ətraflı diskussiya aparıb.
Media sahəsində iyirmi ildən çox beynəlxalq təcrübəyə malik, “CNN”, “ABC News”, “Channel News Asia”, “Deutsche Welle TV” kimi məşhur media subyektlərində çalışmış, yüksək səviyyəli beynəlxalq konfrans və sammitlərdə moderator olaraq iştirak etmiş jurnalist-teleaparıcı Ali Aslan isə müsahibəni maraqlı və aktual saxlamaq üçün verilə biləcək sualların real vaxta uyğun tənzimlənməsi və müsahibə zamanı gözlənilməz anları peşəkar şəkildə idarə etməyin yolları barədə jurnalistlərə geniş məlumat verib.
NTV kanalının məzmun üzrə meneceri Yeşim Sağlam kanalın yaşıl ekran təcrübəsi və audiovizual mediada dayanıqlı yanaşmaların tətbiqi, qlobal tədbirlərdə, eləcə də iqlim məsələləri ilə bağlı etibarlı və effektiv məlumatlandırmanın həyata keçirilməsi, canlı yayım zamanı “storitellinq” mövzusunda fikirlərini paylaşıb.
Eyni zamanda, Türkiyənin iqlim jurnalistikası sahəsində uzunmüddətli təcrübəyə malik NTV kanalının "Yaşıl Ekran" televiziya proqramının aparıcısı Buse Yıldırım Zoom platforması üzərindən media nümayəndələri ilə öz təcrübəsini bölüşüb.
Sonda təlim iştirakçılarına sertifikatlar təqdim olunub.
ZÜMRÜD