Bakıda gəmi gəzintisinin qiymətləri açıqlandı...
Xəbər verdiyimiz kimi, Bakı bulvarında gəmi gəzintisi bərpa edilib. Dənizkənarı Bulvar İdarəsinin mətbuat xidmətinin rəhbəri Əfsanə Mehdiyeva Trend-ə açıqlamasında deyib ki, insanların marağı, uzun müddət gözləməsi nəzərə alınaraq, Dənizkənarı Bulvar İdarəsi tərəfindən gəzintinin əvvəlki qiymətlərinin saxlanılması qərarı verilib.
O vurğulayıb ki, qiymətlər gəmidə yerinə görə 5-10 manat arasında dəyişir.
“Bu qiymətlər 2015-ci ildə müəyyənləşən qiymətlərdir. Nəzərə çatdıraq ki, gəminin istismar xərclərinin artmasına baxmayaraq, qiymətlər 10 il əvvəlki qiymətlər olaraq saxlanıldı. Bundan əlavə, 6 yaşına qədər uşaqlar üçün gəmidə gəzinti tam ödənişsizdir.
Su nəqliyyatında təhlükəsizliyi Polis İdarəsi və Dənizkənarı Bulvar İdarəsinin Mühafizə Xidməti təmin edir”, -deyə Ə.Mehdiyeva bildirib.
Qeyd edək ki, gəzintinin müddəti 35-40 dəqiqə çəkir.