Türkiyə jurnalistləri Paşinyanın bu dəvətini qəbul edəcək?...
Azər Həsrət: “Türkiyədə ermənipərəst jurnalistlər, vətəndaş cəmiyyətləri az deyil, ümumi prosesi nəzarətə götürmək lazımdır”
“Sülh qovşağı” layihəsi (nəqliyyat dəhlizləri ilə bağlı) ilə əlaqədar müzakirələr çərçivəsində türkiyəli jurnalistlərin Ermənistana səfəri planlaşdırılır. Bunu Ermənistan baş naziri aparatının rəhbəri Araik Arutyunyan deyib.
O vurğulayıb ki, İrəvanda "sülh qovşağı" ilə bağlı bir neçə konfrans keçirilib: "Bu il və ya gələn ilin əvvəlində bütün regiondan müxtəlif ekspert dairələrinin nümayəndələrinin Ermənistanda toplanmasını planlaşdırırıq. Aktual mövzu “Sülh qovşağı” olmasa da, o da müzakirə olunacaq. Yaxın vaxtlarda İrandan Ermənistana 4 günlük ekspert səfərləri olacaq, burada da “Sülh qovşağı” müzakirə ediləcək. Biz həmçinin Türkiyənin bir sıra KİV nümayəndələrinin səfərini planlaşdırırıq, bu çərçivədə də “Sülh qovşağı” təqdim olunacaq”.
Maraqlıdır, Ermənistan türk jurnalistlərinin səfərində niyə maraqlıdır? Türkiyə jurnalistlərinin Ermənistana səfər etməsinə ehtiyac varmı?
“Ermənistan əhalisi yanlış təbliğatın qurbanıdır, onlar elə bilir ki, baş verən hadisələrin günahkarı bizlərik, bu səbəbdən də hesab edirəm ki, təmas çoxalarsa ictimai rəy də düzələcək”
Siyasi şərhçi Azər Həsrət “Bakı-Xəbər”ə şərhində bildirdi ki, nəinki türk jurnalistlər, o cümlədən vətəndaş cəmiyyətlərinin Ermənistan ictimaiyyəti ilə münasibətləri intensivləşdirməlidir: “Müharibə bitib, torpaqlarımızı azad etmişik. Üstəlik, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan daim müzakirələr, danışıqlar aparır. Hər iki tərəfin rəsmi şəxslərinin görüşləri olur. Belə bir şəraitdə aradakı düşmən münasibəti yumşaltmaq üçün qarşılıqlı səfər etmək zərərli olmaz. Ancaq onu da deyim ki, Türkiyədə ermənipərəst jurnalistlər, vətəndaş cəmiyyətləri az deyil. Ümumi prosesi nəzarətə götürmək lazımdır. Erməni cəmiyyəti görməlidir ki, nə Türkiyə, nə də Azərbaycan onlarla əbədi olaraq düşmənçilik etmək fikrində deyil. Düşmənçiliyi biz deyil, onlar başladıb, onlar da davam edib. Ermənistan əhalisi yanlış təbliğatın qurbanıdır. Onlar elə bilir ki, baş verən hadisələrin günahkarı bizlərik. Bu səbəbdən də hesab edirəm ki, təmas çoxalarsa ictimai rəy də düzələcək”.
Günel CƏLİLOVA