İtaliyalılar şokda - ölkənin gizli məlumatlarının İsrail və Vatikanın məxfi xidmətlərinə satıldığı ortaya çıxdı...
İtaliyada bəzi məşhur şirkətlər və şəxslər haqqında gizli məlumatların ödəniş qarşılığında digər ölkələrin məxfi xidmətlərinə göndərildiyi iddia olunur.
İtaliyada kibercasusluq qalmaqalı ilə bağlı aparılan istintaqın əks-sədaları davam edir. Milan prokurorluğunun apardığı istintaqda bir vaxtlar yüksək səviyyəli səlahiyyətlərinə görə “super polis” kimi tanınan keçmiş polis məmuru Karmin Qallo və Milan Sərgisi Fondunun prezidenti Enriko Pazzali əsas şübhəlilər sırasındadır. Onların kibercasusluq şəbəkəsi quraraq bəzi nazirliklərin və polisin serverlərinə sızmaqla məşhur şirkətlər və şəxslər haqqında əldə edilən gizli məlumatları “Equalize” şirkəti vasitəsilə milyonlarla avro müqabilində İsrail və Vatikan kimi digər ölkələrin məxfi xidmətlərinə satdığı iddia olunur. İstintaq çərçivəsində dindirilən şəxslər dövlətin məlumat bazasına daxil olaraq onlardan tələb edilən məlumatları Karmin Qalloya göndərdiklərini etiraf ediblər.
İtaliyanın Baş naziri Ciorcia Meloni məsələ ilə bağlı şərhində deyib: “İtaliyada bir informasiya bazarı var. Bu iyrəncliyə son qoymalıyıq. Bu, qəbuledilməzdir. Hökumət sadiq olmayan məmurlarla barışmaz olacaq”.
Yerli media kibercasusluq yolu ilə əldə edilən gizli məlumatların İtaliyanın “Eni”, “Mediolanum Bank” və “Barilla” kimi böyük şirkətlərə, həmçinin bəzi siyasətçilərə və məşhur idmançılara aid olduğunu yazır.
ZÜMRÜD