5 gün qaldı – ölkə qarışacaq...
Gürcüstandakı parlament seçkiləri bitsə də, bu seçkilər ətrafındakı gərginlik səngimir. Artıq qonşu ölkədə prezident və hökümət arasındakı gərginlik pik həddə çatıb. Yəqin xatırlayırsınız, prezident Salome Zurabişvili oktyabrın 27-də axşam ölkə üçün kritik əhəmiyyət kəsb edən parlament seçkilərinin bitməsindən bir gün sonra brifinq keçirərək “seçkilərin tamamilə saxtalaşdırıldığını” bəyan etmişdi. Zurabişvili bəyan etmişdi ki, seçkilər Rusiya metodlarına uyğun yeni texnologiyalardan istifadə edilməklə saxtalaşdırılıb.
İndi məsələ burasındadır ki, bu ayın əvvələrində Gürcüstan MSK-sı seçkiləri rəsmən təsdiqləməlidir, bundan sonra parlamentin ilk iclası təyin edilməlidir. Parlamentin ilk iclasını təyin olunması prezidentin qərarına bağlıdır. S. Zurabişvili isə bunu etməyəcəyini bəyan edib. Bu isə o deməkdir ki, Qərbdəki güclərin diqqəti və növbəti ümidi prezidentlə parlament arasında yaranacaq qarşıdurma və növbəti xaosa dikilib. Gürcüstanda növbəti siyasi böhranın yaşanıb yaşanmayacağı bir neçə günə məlum olacaq. Belə görünür ki, hökümət və prezident institutu arasındakı gərginlik seçkilərin nəticələrinə görə daha da dərinləşəcək.
Mətləb Salahov