Erməni diasporu ABŞ prezidentliyinə hər 2 namizədə qarşı şantaja başladı - "ikiniz də məsuliyyət daşıyırsız"...
Əli Orucov: "Ermənilər hər zaman hər fürsəti dəyərləndiriblər və seçkiöncəsi fürsəti də qaçırmazlar"
Erməni lobbisi həmişə ABŞ-da keçirilən seçkilərdən bu və ya digər formada bəhrələnib. Bir çox hallarda isə bu təsir imkanlarından Azərbaycana qarşi bir silah kimi istifadə ediblər. Digər dönəmlərdə də erməni lobbisi öz geniş imkanlarından Azərbaycana qarşı istifadə edir, lakin seçki dönəmində bu cəhdlər daha çox intensivləşir. Bu günlərdə Amerikanın erməni lobbisi yenidən fəallaşıb.
ABŞ-da ermənilərin ən böyük lobbi təşkilatı prezident seçkilərində nə Harrisə, nə də Trampa dəstək verməyəcəyini bəyan edib.
Belə ki, Amerika Erməni Milli Komitəsi (AMKA) hesab edir ki, Azərbaycanı silahlandırmaq və Qarabağda ("Artsax") "soyqırımı"na şərait yaratmaqda həm Respublikaçı, həm də Demokratik partiyaları məsuliyyət daşıyır.
“Bu partiyaların heç biri heç bir şəkildə bu ehtiyatsız, məsuliyyətsiz və "soyqırım" siyasətindən əl çəkməyib”, - AMKA-nın Facebook-da verdiyi bəyanatda deyilir.
AMKA hər iki partiya ilə əlaqə saxlamağa davam edir və onların erməni prioritetlərini dəstəkləyən bəyanatlarını alqışlayır, lakin anlayır ki, kampaniya vədləri seçkilərdən sonra real fəaliyyətə zəmanət vermir.
AMKA hər iki namizədə açıq şəkildə deyir ki, ermənilərin səsini almaq istəyirdinizsə, Azərbaycana təzyiq göstərin, hər şeyi dörd il bundan əvvəlki vəziyyətinə qaytarın. Lakin erməni lobbisi ya başa düşmür, ya da başa düşmək istəmir ki, ABŞ-ın artıq belə bir imkanı yoxdur. Amerika hazırkı mərhələdə yalnız 907-ci düzəlişi bərpa edə bilər, bu da Azərbaycan üçün problem deyil, Amerikanın yardımı Azərbaycana lazım da deyil.
2024-cü il noyabrın 5-də keçiriləcək ABŞ prezident seçkilərində mübarizə Demokratlar Partiyasından Kamala Harrislə Respublikaçılar Partiyasından olan Donald Tramp arasında gedəcək.
Ermənilərin Amerikadakı seçkilərdən Azərbaycana təzyiq vasitəsi kimi istifadə etmək istəyi nə ilə nəticələnə bilər?
Sualımıza cavabında politoloq Əli Orucov bildirdi ki, məlum olduğu kimi, ABŞ ictimai-siyasi həyatında ermənilər aktiv iştirak edir: "Mütəşəkkil formada təşkilatlanaraq dünya ermənilərinin və Ermənistan dövlətinin mənafelərinin təmin edilməsi istiqamətində əməli iş görürlər. Birləşmiş Ştatlarda mənzillənən AMKA kimi tanınan Amerika Erməni Milli Komitəsi bu işdə xüsusilə fərqlənir. Həmin komitə rüşvət vermək yolu ilə, korrupsiya və yaxud digər şirnikləndirici vasitələrlə Birləşmiş Ştatların dövlət adamlarını, siyasi xadimlərini, mətbuatı ələ alaraq özlərinə xidmətə təhrik edir. ABŞ-da yaşayan erməniləri seçkilərdə namizədlər öz tərəflərinə çəkmək üçün müxtəlif vədlər verirlər və onların maraqlarına uyğun addımlar atırlar. Əsasən də Kaliforniya ştatında kompakt yaşayan ermənilər daha fəal və daha təsiredicidirlər. Noyabrın 5-də keçiriləcək prezident seçkiləri ərəfəsində də ermənilər seçki kampaniyasıdan bəhrələnməyə çalışır və namizədlərdən maksimum güzəştlər qazanmaq istəyir. Həm Trampın, həm Harrisın Ermənistanla və ermənilərlə bağlı dedikləri, Azərbaycana qarşı qərəzli açıqlamalar bizə düşmən kəsilən ermənlərin səslərini qazanmağa hesablanıb. Ancaq ermənilər, görünür, bu bəyanatlarla kifayətlənməyərək, fürsətdən istifadə edib, Azərbaycana təzyiqləri artırmağı və real, eyni zamanda radikal addımlar atmağı hədəfləyirlər. Ermənilər hər zaman hər fürsəti dəyərləndiriblər və seçkiöncəsi fürsəti də qaçırmazlar. Nəzərə alsaq ki, demokratların və respublikaçıların rəy sorğularında şansları bir-birinə çox yaxındır, o zaman ermənilərin bu taktikanı hiyləgırcəsinə hesabladığını deyə bilərik. Növbəti erməni hiyləsi.
Hesab edirəm ki, Azərbaycan-Türk icması da proseslərdə aktiv iştirak etməklə ermənilərin bu məkrli planlarının gerçəkləşməsinə imkan verməməlidir.
Bununla yanaşı, bütün Amerika prezidentləri son 30 ildə seçkilər.öncəsi ermənilərə və amerikalılara yağlı vədlər verir, lakin seçki bitdikdən sonra o vədlər yada da düşmür. Fikrimizcə, namizədlər AMKA-ya da yağlı vədlər verə bilər, amma həmin vədlərin həyata keçirilməsi mümkün deyil. Məsələn, AMKA tələb edir ki, Qarabag erməniləri geri qaytarılsın. Axı heç Qarabağ erməniləri özləri geri qayıtmaq istəmir, onları zorla kim geri qaytara bilər? Digər tərəfdən, Azərbaycanın həbs etdiyi hərbi-siyasi cinayətkarların Ermənistana təhvil verilməsinə Azərbaycanı kim məcbur edə bilər? Əyani faktlar və onların insanlığa qarşı törətdikləri cinayətlər şahidi və sübutu ilə ortadadır".
Dəniz NƏSİRLİ