Rusiya naziri Azərbaycanın turizmi ilə bağlı danışdı - maraqlıdır...
Elçin Rüstəm: “Rusiya ilə turizm əlaqələrinin inkişaf etməsi ölkə iqtisadiyyatına müsbət töhfə verər”
Rusiyanın iqtisadi inkişaf nazirinin müavini Dmitri Vaxrukov Rusiya və Azərbaycanın turizm bazarlarının birləşdirməsini təklif edib. Azərbaycan Turizm Bürosunun Rusiya paytaxtında nümayəndəliyinin açılışında çıxış edən nazir müavini qeyd edib ki, Moskva ilə Bakını müxtəlif sahələrdə çoxillik möhkəm dostluq və əməkdaşlıq əlaqələri birləşdirir:
“İnsanlar arasında humanitar əlaqələrin qurulmasının əsas yolu kimi turizm hazırda birgə gündəliyimizin başındadır. Bunu ölkələrimiz arasında 160 birbaşa aviareys göstərir. Bizim Rusiya və Azərbaycanda ayrıca turizm bazarlarımız var. Biz turizm bazarlarımızı birləşdirə və birgə turizm məhsulları üzərində işləyə bilərik. Bunlar böyük perspektivlərdir. Bu istiqamətdə artıq əməli addımlar mövcuddur. Bu, “Roza xutor” və “Şahdağ” dağ kurortunun daxil olduğu Avrasiya Dağ Kurortları Alyansıdır. Bu, bizim turizm sahəsində əlaqələrimizi necə inteqrasiya edə biləcəyimizin sadəcə bir nümunəsidir”.
Maraqlıdır, Rusiya ilə Azərbaycanın turizm bazarının birləşdirilməsi nə qədər effektiv olacaq?
“Qiymətlərin münasib olması, həm dil baxımından, həm də turistlərin təhlükəsizliyinin qorunması bizə böyük imkanlar yaradır ki, Rusiya ilə turizm əlaqələrini daha da genişləndirək”
Turizm sahəsi üzrə ekspert Elçin Rüstəm “Bakı-Xəbər”ə şərhində bildirdi ki, bu gün Rusiya bazarı Azərbaycan üçün çox əhəmiyyətli bazardır: “Nəzərə almaq lazımdı ki, qonşu ölkələrinin içində ən böyük əhaliyə, nüfuza sahib olan Rusiyadır. Azərbaycan Rusiya üçün həm məsafə baxımındam yaxındır, həm də Azərbaycanda əmin-amanlıq, ictimai asayişin yüksək səviyyədə qorunub saxlanması da əsas verir ki, Rusiya turistləri Azərbaycanda sərbəst şəkildə səyahətlərini davam etdirsinlər. Həm qiymətlərin münasib olması, həm dil baxımından, həm də turistlərin təhlükəsizliyinin qorunması bizə böyük imkanlar yaradır ki, Rusiya ilə turizm əlaqələrini daha da genişləndirək. Rusiya ilə turizm əlaqələrinin inkişaf etməsi ölkə iqtisadiyyatına müsbət töhfə verər”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, son dövrlər Azərbaycanla Rusiya arasında müxtəlif sahələrdə qarşılıqlı missiyanın qoyulması, iqtisadi əlaqələrin gücləndirilməsi ilə bağlı tədbirlər həyata keçirilir. Eyni zamanda bura turizm sahəsi də daxildir ki, artıq Rusiyanın müəyyən bölgələrinin təqdimatı və Azərbaycan turizm imkanlarının da Rusiyada təmsilçiliyi baş tutur: “Həmçinin, iki ölkə arasında ciddi dil baryeri, hər hansısa bir viza tələbi yoxdur, bununla bərabər coğrafi yaxınlıq, qonşuluq məsələləri də var ki, bu da cəlbedici faktorlardan biridir”.
Günel CƏLİLOVA