COP29-da 60-a yaxın bəyanatın veriləcəyi gözlənilir...
Biz qarşımıza ədalətli və kollektiv məqsəd qoymuşuq. Eyni zamanda, Bakıda COP29 çərçivəsində 60-a yaxın bəyanatın, qərarların verilməsini gözləyirik.
Trend xəbər verir ki, bunu Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini və COP29-un baş danışıqçısı Yalçın Rəfiyev “Gələcəyin sədaları: İqlim fəaliyyəti və qlobal məqsədlərə yönələn səylərin əlaqələndirilməsi” mövzusunda Dayanıqlı İnkişaf Məqsədləri dialoqunda deyib.
O bildirib ki, Azərbaycan üçün çox mötəbər bir tarixdən bizi bir neçə gün ayırır və COP29-un ölkəmizdə keçirilməsindən məmnunuq:
"Qarşımızda çox iddialı bir gündəlik var. Bizim vaxtımız daha az idi. Lakin götürülən öhdəliyə ən yüksək səviyyədə siyasi dəstək nəticəsində biz müvafiq potensialı inkişaf etdirmişik. BMT üzvləri arasında uğurlu bir prosesin qurulmasına müvəffəq olmuşuq.
Biz çox yaxında bunun şahidi olacağıq. Sözsüz ki, dayanıqlı inkişaf məqsədləri və iqlim fəaliyyəti bir-biri ilə əlaqədardır. Burada söhbət yalnız 13-cü məqsəddən getmir. İstənilən məqsəd bu və yaxud da digər mənada iqlimlə bağlıdır.
Biz də çalışdıq ki, bunu COP29-a danışıqlar çərçivəsinə daxil edək. Biz qarşımıza ədalətli və kollektiv məqsəd qoymuşuq. Eyni zamanda, Bakıda 60-a yaxın bəyanatın, qərarların verilməsini gözləyirik. Bununla yanaşı, ev sahibi olaraq prezidentliyin də öz təşəbbüsləri var və bunlar danışıqlar gündəliyini tamamlayır, həmçinin, qlobal səviyyədə iqlim fəaliyyətinin bir tərkibidir. Bu təşəbbüslərin bir qismi, həmçinin, dayanıqlı inkişaf məqsədləri və onların icrası ilə bağlıdır".