Azərbaycanda evlənənlərin sayı azalır, ya rəsmi nikahdan imtinalar var?
Fatimə Hacıbəyli: “Nikah sayının azalmasının əsas səbəblərindən biri nikah qurmadan birgə yaşayış hallarının sayının artmasıdır”
2024-cü ilin yanvar-avqust ayları ərzində qeydə alınan nikahların sayı məlum olub. Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Bildirilib ki, Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 30 788 nikah qeydə alınıb.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 5-dən 4,5-ə düşüb.
Maraqlıdır, nikahların sayı ildən-ilə niyə azalır?
“Gənclərimizin bu gün gec evlənmələrinin əsas səbəbi bütün gün boyu işləmələri, işdən baş açmamalarıdır”
Sosioloq Fatimə Hacıbəyli “Bakı-Xəbər”ə şərhində bildirdi ki, nikah sayının azalmasının əsas səbəblərindən biri nikah qurmadan birgə yaşayış hallarının sayının artmasıdır: “Bu təhlükəli tendensiyadır. İnsanlarda məsuliyyət hissi azalır. Rəsmi nikaha girmək istəməyənlərin əsas səbəbi sonradan qarşı tərəfin əmlak və ya digər maddi təzminatlar tələb edə bilməsindən yaranan qorxudur. Bu baxımdan, rəsmi nikaha girməyərək məsuliyyətdən yaxa qurtarmağa çalışırlar. Yəni düşünülmüş şəkildə etimad göstərilmədən qurulan ailələr rəsmi nikaha girmir. Eyni zamanda, bu göstəricilərə təsir edən səbəblərdən biri kimi, cavanların karyera dalınca getmələrini göstərmək olar. Gənclər iqtisadi azadlıqlarını təmin etmədikləri üçün nikahagirməni, ailəqurmanı gecikdirirlər. Gənclərimizin bu gün gec evlənmələrinin əsas səbəbi bütün gün boyu işləmələri, işdən baş açmamalarıdır. Yəni bütün gün məşğul olmaları onlara tanışlıq üçün imkan yaratmır. Gənclərimiz ancaq universitetdən və işdən evə və əks istiqamətə hərəkət etməyə vaxt tapırlar. Yaxud həm oxuyub, həm işlədiklərindən, ya da 2 yerdə işlədiklərindən, ailə qurmaq yaddan çıxır. Digər səbəb bəzi qızların karyera pilləsinə qalxmaq arzularıdır. Bu pilləyə qalxanda da uşaq dünyaya gətirmək karyeranın müəyyən mərhələsində arzuolunan deyil. Üçüncüsü iqtisadi amildir. Gənclər iqtisadi baxımdan müstəqil olmaq istəyirlər. Buna görə də çalışırlar ki, öz iqtisadi imkanlarını yaxşılaşdırsınlar, valideynlərindən asılı olmasınlar. Dördüncüsü, gənclər arasında bir-birlərinə inamsızlıq var. Gənclər bir-birinə etibar etmirlər. Çox az hallarda olur ki, gənclər özü kimi düşünən, özünəuyğun adam tapa bilir".
Ekspert hesab edir ki, ailədə zorakılıq amilləri də nikaha girənlərin sayına təsir göstərir: "Ailədə zorakılıq imkan vermir ki, insanlar bir-birinə güvənib evlənsinlər. Yəni anasının döyüldüyünü, əzildiyini görən qız özünün də gələcək aqibətindən qorxub hər adama etibar edə bilmir. Onu da nəzərə almaq lazımdır ki, Azərbaycanda ailəyə münasibət 20-30 il əvvəlin münasibəti deyil. Məsələn, indi nə gənclər evlənərkən valideynləri ilə yaşamaq istəyir, nə də valideynlər övladlarını evləndirib yanlarında saxlamaq istəyirlər. Digər bir tərəfdən, hazırda Azərbaycan ailəsində ciddi psixoloji gərginlik müşahidə edilir ki, biz bu gərginliyi indiyədək hiss etməmişik. Təbii ki, mövcud gərginlik gənclərin psixologiyasına mənfi təsir göstərir”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, qadın nikah yaşına çatmamış, erkən yaşda ailə qurur. Nikah yaşına çatdıqda isə rəsmi nikah bağlamaq istəmir: “Elə olur ki, ata qeyri-rəsmi nikahdan doğulan uşaqlarına öz soyadını vermək istəmir. Atanın öz uşağına soyadını verməməsi çox vaxt həm də alimentlə bağlı olur. Hətta məhkəmə vasitəsilə öz uşağından imtina edənlər də olur. Çünki gələcəkdə varislik məsələsi ortaya çıxır. Azərbaycanda vətəndaş nikahı ilə yaşayan çox adam var. Bir çoxları hətta rəsmi nikahı gərəkli hesab etmirlər. Onlar üçün önəmli olan vətəndaş nikahıdır ki, bu da insanların psixologiyası ilə bağlıdır. Bu istiqamətdə maarifləndirmə işləri aparılsa da, statistik rəqəmlər bu sahədə vəziyyətin yaxşı olmadığından xəbər verir. Yaxud nikah yaşı çatmayan qızlar zorla ərə verilir və onlar rəsmi nikaha girə bilmir. Uşaq dünyaya gəldikdən sonra isə problemlər yaranmağa başlayır”.
Günel CƏLİLOVA