Əliyev iqlimlə bağlı qlobal çağırış etdi - “Bəşərin xilası naminə birləşək”...
Ceyhun Məmmədov: “Belə çağırışlar zamanla öz müsbət faydasını verəcək və daha çox dövlət buna qoşulacaq”
Prezident İlham Əliyev COP öncəsi tədbirinin iştirakçılarına müraciət ünvanlayıb. Müraciətdə Prezident bəşəriyyətin gələcəyi naminə ölkələri birgə əməkdaşlığa çağırır:
“COP29-a hazırlığın son mərhələsinə qədəm qoyduğumuz bir vaxtda mən sizi bəşəriyyət naminə konstruktiv şəkildə və xoş məramla əməkdaşlıq etməyə çağırıram. Dövlətlərin ümumi, lakin fərqli öhdəlikləri olsa da, onlar fikir ayrılıqlarını bir kənara qoymalı, bir-birini günahlandırmağı dayandırmalı və ortaq məxrəcə gəlməlidirlər. Qlobal istiləşmədə kimin günahkar olduğunu və ya kimin ətraf mühitə daha çox zərər vurduğunu müəyyənləşdirmək üçün vaxt itirməyə haqqımız yoxdur”.
Bu dövlətləri birliyə çağırış, kimin daha çox məsuliyyət daşıması ilə bağlı məqamların kənara qoyulması, ümumiyyətlə belə çağırışlar indiki şəraitdə dövlətlərin səylərinin birləşdirilməsində necə rol oynayacaq?
“Reallıq ondan ibarətdir ki, biz qlobal ekoloji problemlərlə üz-üzəyik”
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən millət vəkili Ceyhun Məmmədovun fikrincə, cənab Prezidentin müraciətində çox vacib məqamlar var: “Prezident bir daha bütün dünyanın diqqətini o məsələyə çəkir ki, bu gün biz daha çox kimin günahkar olması ilə bağlı müzakirələr aparmamalıyıq. Biz çalışmalıyıq ki, daha çox problemlərdən çıxış yollarını axtaraq. Bəzən dünya ölkələrinin başı lokal xarakterli məsələlərə qarışır və bu cür vacib qlobal xarakterli məsələlər arxa plana keçir. Ona görə də dünya daha çox bu məsələlərə diqqət yetirməlidir. Daha çox çalışaq ki, problemləri aradan qaldıraq. Bu gün belə bir problem var və burada hansısa günahkar axtarmaqla nəyəsə nail ola bilmərik. Biz daha çox çalışmalıyıq qlobal miqyasda konsensus əldə edək və problemlərin həllinə nail olaq. Reallıq ondan ibarətdir ki, biz qlobal ekoloji problemlərlə üz-üzəyik. Qlobal istiləşmə, buzlaqların əriməsi, səhralaşmanın genişlənməsi və digər bu kimi problemlər ekologiyaya birbaşa təsir edir. Bunun nəticəsidir ki, dünyanın bir sıra yerlərində daşqınlar, yanğınlar tüğyan edir. Çünki atmosferə atılan tullantıların həcmi artdıqca, ekoloji durum daha da pisləşir. Ona görə də ümumi həll yolu tapılmalıdır. Hesab edirəm ki, belə çağırışlar zamanla öz müsbət faydasını verəcək və daha çox dövlət buna qoşulacaq. Bu da ümumi işin xeyrinə olacaq”.
Vidadi ORDAHALLI