“Müasir mediada yeni trendlər: informasiya təhlükəsizliyi və peşəkarlıq meyarları” mövzusunda konfrans keçiriləcək
Oktyabrın 11-də Bakı Biznes Mərkəzində “Müasir mediada yeni trendlər: informasiya təhlükəsizliyi və peşəkarlıq meyarları” mövzusunda konfrans keçiriləcək. Azərbaycan Mətbuat Şurasının təşkilatçılığı ilə gerçəkləşəcək toplantı saat 11.00-da işinə başlayacaq.
Mətbuat Şurasının İdarə Heyətinin üzvlərinin, Medianın İnkişafı Agentliyinin rəhbərliyinin, media subyeklərinin baş redaktorların qatılacağı konfransda siyasi ideoloji müstəvidə Azərbaycana qarşı aparılan informasiya müharibəsi və cəmiyyətin informasiya təhlükəsizliyinin təmin edilməsində medianın rolu, dezinformasiya ilə mübarizədə tətbiq edilən mexanizmlər - inzibati və hüquqi modellər, Azərbaycan mediasının rəqəmsal transformasiyası şəraitindəki üstünlüklər və çatışmazlıqlar, sosial media ilə rəqabətdə mediadan gözləntilər, ölkə mediasında beynəlxalq jurnalistika trendlərinin tətbiqi problemləri mövzularında çıxışlar və təqdimatlar nəzərdə tutulub.
Tədbirdə qoyulan mövzular ətrafında fikir mübadiləsi aparılacaq. Müzakirələrin yekununda, həmçinin, Azərbaycan mediasına zəruri mesajların əksini tapacağı tövsiyə mətninin də açıqlanması planlaşdırılıb.