Nazir Vilayət Eyvazov Gəncədə vətəndaş qəbulu və sıra baxışı keçirdi - FOTO/VİDEO
Prezident İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov oktyabrın 9-10-da Gəncə Şəhər Baş Polis İdarəsində növbəti vətəndaş qəbulu keçirib.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, o, əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Gəncə şəhərindəki abidəsini ziyarət edərək əziz xatirəsini böyük hörmət və ehtiramla yad edib.
Baş Polis İdarəsinin inzibati binasında Gəncə, Goranboy, Naftalan, Göygöl, Samux, Kəlbəcər və Xocalıdan qəbula gələn 323 vətəndaşın müraciətini dinləyən nazir onların problemlərinin həlli üçün nazirliyin aidiyyəti baş idarə və idarə rəislərinə tapşırıqlar verib. Müraciətlərin əksəriyyətinin yerində həlli ilə bağlı tədbirlər görülüb.
Nazir rayonların polis rəislərinə ictimai asayişin qorunmasında, cinayətkarlığa qarşı mübarizədə daha səmərəli tədbirlərin tətbiqinə, vətəndaşların müraciətlərinə operativ və obyektiv baxılmasına dair tapşırıqlarını verib.
Səfər çərçivəsində general-polkovnik V.Eyvazov DİN Daxili Qoşunlarının Gəncədə yerləşən hərbi hissəsinə gedib, orada ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş hərbi qulluqçuların xatirəsinə ucaldılmış abidəni ziyarət edib.
Polis əməkdaşlarının və hərbi qulluqçuların xüsusi-taktiki təlimlərini izləyən nazir onların peşə və döyüş hazırlığını yüksək qiymətləndirib, tapşırıq və tövsiyələrini verib.
Sonra general-polkovnik Vilayət Eyvazov polis orqanlarında xidmət etmək arzusunda olan gənclərin sıra baxışını keçirib.
Vətən müharibəsinin 41 iştirakçısının iştirak etdiyi sıra baxışında xidmətə qəbulun şərtlərinə uyğun gələn 248 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb.
ZÜMRÜD