İsrailin Livana qarşı genişmiqyaslı hücum planı ABŞ generalına təqdim edildi - Yaxın Şərqdə yeni müharibə hər an başlaya bilər...
Qəzza zolağının ardından İsraillə Livan arasında da gərginlik yüksəlir. İsraillə İranın dəstəklədiyi "Hizbullah" qüvvələri arasında iki ölkə sərhədində baş verən qarşıdurmalar tədricən Livanın daxili ərazilərinə yayılır.
Təl-Əvivdən Livana genişmiqyaslı hücuma hazırlıqla bağlı mesajlar gəlir. Artıq bir müddətdir İsraildə Livanla tammiqyaslı müharibə açıq şəkildə müzakirə edilir və son məlumatlara görə, Livana hücum planları ABŞ-a da təqdim edilib.
ABŞ ordusunun Yaxın Şərq əməliyyatlarını həyata keçirən Mərkəzi Komandanlığın (CENTCOM) komandanı general Maykl Kurilla yenidən İsrailə gedib.
İsrail ordusundan verilən açıqlamaya görə, ABŞ ordusunun Yaxın Şərq əməliyyatlarını həyata keçirən Mərkəzi Komandanlığın (CENTCOM) komandanı general Maykl Kurilla İsrail Baş Qərargah rəisi Herzi Halevi və digər hərbi rəsmilərlə görüşüb. Görüşdə Livan və İrandan gələn son təhdidlər müzakirə edilb. “The Times of Israel” yazıb ki, Livanla bağlı hazırlanan əməliyyat planları şimal cəbhəsindəki yeraltı döyüş komandanlığına gedən CENTCOM komandiri Kurillaya təqdim edilib. Bildirilir ki, şimal komandanı Qordin sözügedən yeraltı otaqda döyüş planlarını Kurillaya göstərib.
Bu arada, İsrail parlamenti Knessetin Xarici Əlaqələr və Müdafiə Komitəsinin üzvü Nissim Vaturi Livanla genişmiqyaslı müharibənin bir neçə günə başlaya biləcəyini deyib. Baş nazir Benyamin Netanyahunun partiyası Likuddan millət vəkili olan Vaturi, "Hizbullah"ın Beyrutdakı qalası olan Dahiye məhəlləsinin müharibə başlayanda Qəzzaya bənzəyəcəyini iddia edib. Onun sözlərinə görə, 4-5 gün davam edəcək intensiv hava bombardmanının ardından Livana qarşı quru əməliyyatı başlayacaq.
Keçmiş hərbi kabinet üzvü Benny Qantz isə deyib ki, İsrail ordusunun diqqəti Hizbullah və Livan sərhədinə yönəlməlidir və lazım gələrsə, Livan da vurula bilər.
Ekspertlər hesab edir ki, İsraillə Livan aarasında mümkün savaş İran və onun regional müttəfiqlərini əhatə edən hərtərəfli müharibəyə çevrilə bilər.
TAHİR