Paşinyan yenidən Rusiyanın qucağına qayıdır – İLGİNC İDDİA...
Ermənistanın “Hraparak” nəşri yazıb ki, Paşinyan azğın oğul kimi Ana Rusiyanın qucağına qayıda bilər. İddia edilib ki, Paşinyan yaxın ətrafına payızda sürprizlərin ola biləcəyini söyləyib.
Qeyd edilir ki, bununla bağlı ilk əlamətlər avqustun 31-də keçirilən mətbuat konfransında Rusiyaya ünvanlanan mesajlar oldu. İki gün əvvəl isə Ermənistanın oktyabrın 22-24-də Kazanda baş tutacaq qeyri-rəsmi BRİCS və MDB sammitlərində iştirak edəcəyi açıqlandı.
“Bəziləri Paşinyanın ritorikasını dəyişməsi ilə Putinlə avqustun 23-də, sonuncunun Bakı səfərindən dörd gün sonra baş tutan telefon danışığı arasında əlaqə görür. Paşinyanla danışandan 4 gün sonra Putin təkrar Əliyevlə danışdı və bir gün sonra Ermənistan hökuməti iki ay əvvəl imzalanmalı olan Ermənistan-Azərbaycan sərhədinin demarkasiyası üzrə komissiyaların birgə fəaliyyətinin əsasnaməsini təsdiq etdi.
Bəzi mənbələrə görə, Putin Paşinyana Əliyevdən Ermənistana təzyiqləri azaltmağı xahiş etdiyini deyib. Bəlkə də buna görədir ki, adətən Rusiyanın MDB və KTMT platformalarını boykot edən Paşinyan birdən-birə onların icclaslarında iştirak etmək qərarına gəlib” – yazan nəşr sonda Zaxarovanın iki gün əvvəl, “İrəvanın KTMT-nin işində tam şəkildə iştirakını bərpa edəcəyini gözləyirik” sözlərini xatırladıb.
Tahir TAĞIYEV