Rusiyanın Sudja rayonunu tam ələ keçirən Ukraynanın böyük planı - qlobal enerji bazarında qiymətlər artacaq, Avropa qaz qıtlığı ilə üzləşəcək...
Ukrayna ilə Rusiya arasında 2 il əvvəl başlayan müharibə davam edir. Tərəflər arasında 2014-cü ildə Krımın ilhaqı ilə başlayan gərginlik 2022-ci ildə müharibəyə çevrilib. Rusiya NATO təhlükəsinə qarşı Ukrayna ərazisinə girib. 2 ildir davam edən münaqişədə Ukrayna ilk dəfə Kursk vasitəsilə Rusiya ərazisinə daxil olub.
Gələn xəbərlərə görə Ukrayna addım-addım irəliləməkdə davam edir, Rusiya isə hücumlara qarşı sərt cavablar verməyə çalışır.
Bu arad, Ukrayna prezidenti Zelenski Kiyev əsgərlərinin Rusiyanın Kursk şəhərinin Sudja rayonunu tam nəzarətə götürdüyünü iddia edib.
Rusiya ərazisinin təqribən 9 kilometrliyində yerləşən Sudja, Ukraynanın Rusiyanın sürpriz işğalının başlamasından bu yana 10 gün ərzində ələ keçirdiyini iddia etdiyi 80 yaşayış məntəqəsindən ən böyüyüdür. Bölgədən gələn son xəbərlər Ukraynanın Borki qəsəbəsini ələ keçirdiyini göstərir.
Sudjada həm də Qərbi Sibirdən çıxan və daha sonra Ukrayna boru kəmərləri ilə Avropaya ixrac olunan və Avropa qaz idxalının təxminən 3 faizini təşkil edən Rusiya qazı üçün ölçmə stansiyası yerləşir.
Rusiya xarici işlər nazirinin keçmiş müavini Andrey Fedorov deyib ki, Kiyevdə ağıllı adamlar hesabladılar ki, bu mərkəzi ələ keçirməli olsalar Rusiya ordusu geri almaq üçün onu məhv etməli olacaq. Bu isə, Ukraynanın deyil, Rusiyanın hərəkətləri ucbatından Avropaya qaz nəqlinin dayandırılacağı anlamına gəlir.
Digər ekspertlər də, Ukraynanın bu yolla Rusiya ərazisində yerləşən Sudja qaz nəqli sistemini sıradan çıxarmağı, Macarıstan və Slovakiyanı Rusiya qazından məhrum etməyi planlaşdırdığını deyir. Bunun üçün isə təbi ki, şəhəri ələ keçirmək lazım idi. Beləliklə, Kiyev Macarıstan və Slovakiya tərəflərinə göstərmək istəyir, guya Rusiya onları qazla təmin edə bilməyib, Ukraynanın isə bununla heç bir əlaqəsi yoxdur.
Ekspertlər hesab edir ki, Sudja stansiyasının fəaliyyətinin dayandırılması ilə əlaqədar qaz nəqlində yaranan fasilələr qlobal enerji bazarında qiymətləri artıracaq. Digər tərəfdən, Ukrayna Silahlı Qüvvələrinin Kursk bölgəsinə hücumları səbəbindən Avropa qaz qıtlığı ilə üzləşəcək.
Tahir TAĞIYEV