İranın dini lideri İsrailə birbaşa zərbə endirmək əmri verdi - ŞOK İDDİA
İranın paytaxtı Tehranda HƏMAS Siyasi Bürosunun sədri İsmayıl Haniyənin öldürülməsindən sonra bölgədə gərginlik pik həddə çatıb. ABŞ mətbuatı iddia edir ki, İranın dini lideri Ayətullah Əli Xamneyi İsrailə birbaşa zərbə endirmək əmri verib
İkisi SEPAH üzvü olmaqla, 3 İran rəsmisinə istinadən bildirilir ki, İranın dini lideri orduya İsraili birbaşa vurmaq əmri verib.
Xəbərdə bildirilib ki, sözügedən əmr Ali Milli Təhlükəsizlik Şurasının səhər saatlarında keçirilən fövqəladə iclasında verilib.
Bu arada, İsrailin baş naziri Benyamin Netanyahu HƏMAS lideri Haniyənin öldürülməsindən sonra ilk dəfə açıqlama verib. Hizbullahla müharibə astanasında olan ölkəsini çətin günlərin gözlədiyini ifadə edən Netanyahu, “Bizə zərər verən hər kəslə hesablaşacağıq” mesajını verib.
Ancaq Netanyahu İranda Haniyənin öldürülməsi ilə bağlı heç bir açıqlama verməyib.
İsrail hökumətinin sözçüsü David Mencer də mətbuat konfransında Haniyənin öldürülməsi ilə bağlı "şərh verməyəcəklərini" bildirib. Bölgədə artan gərginliyə görə İranın məsuliyyət daşıdığını deyən Mencer, şimalda təhlükəsizliyin bərpası üçün çalışacaqlarını bildirib.
İrandan gələn hər hansı bir hücumdan narahat olub-olmadıqları ilə bağlı suala gəlincə Mencer deyib ki, ölkəsi 7 cəbhənin hamısında yüksək hazırlıq vəziyyətindədir: "İranın yaratdığı təhlükənin fərqindəyik, bu vəziyyətlə hər gün qarşılaşırıq və sərhədlərimizi qoruyacağıq".
Qeyd edək ki, Haniyə İranın yeni prezidenti Məsud Pezeşkiyanın andiçmə mərasimində iştirak etmək üçün Tehrana gedib. İran İnqilabı Keşikçiləri Korpusu iyulun 31-də səhər saatlarında Haniyənin Tehrandakı iqamətgahına hücum edildiyini və onun öldürüldüyünü açıqlayıb . İran və HƏMAS hərəkatı sui-qəsddə İsraili günahlandırsa da, İsrail rəsmiləri hadisə ilə bağlı heç bir açıqlama verməyib.
TAHİR