İsveçin ultra-sağçı partiyasının lideri məscidləri sökməyə çağırdı
Ultra-sağ milliyyətçi və sağçı populist “İsveç demokratları” (Sverigedemokraterna) partiyasının lideri Cimmi Okesson bu bazar günü keçirilən partiya yığıncaqlarında çıxış edərək bildirib ki, yeni məscidlərin tikintisini dayandırmaq və “antidemokratik, İsveç əleyhinə, homofob və ya antisemit təbliğatla məşğul olan” məscid binalarını sökmək istəyir. Partiya lideri, həmçinin bəyan edib ki, “şəhər mənzərəsində islamçı abidələr olan minarələr, qübbələr, ayparalar və digər atributlar bütünlüklə aradan qaldırılmalıdır”.
İsveçin Baş naziri Ulf Kristersson onun bu bəyanatını “qəbuledilməz və qütbləşdirici” adlandırıb. Baş nazir əlavə edib: “Bu, beynəlxalq aləmdə İsveçin imici ilə bağlı yanlış təsəvvürlər yaradır. Biz ölkədə ibadət məkanlarını sökmürük, əksinə, İsveç dəyərlərini müdafiə edirik və ekstremizm, o cümlədən islamçılığa qarşı çıxış edirik”.
Ötən həftənin sonunda İsveç hökuməti “X” sosial şəbəkəsində bu ölkədə din azadlığının üstün olması və onun konstitusiya ilə qorunması barədə post yerləşdirib.
Okessonun bəyanatı bu günlərdə parlamentində İsveçin NATO-ya üzvlüyünün müzakirə edildiyi Türkiyə KİV-lərinin də diqqətindən kənarda qalmayıb. Kristersson sağçı partiya liderinin bəyanatının bu prosesə necə təsir edəcəyini bilmir.
Cimmi Okesson öz ünvanına səslənən tənqidlərə cavab olaraq bildirib ki, onun İsveçdəki məscidlərin sökülməsi haqqında bəyanatının bu ölkənin NATO-ya üzvlüyü məsələsinə aidiyyəti yoxdur. O əlavə edib: “Mən NATO-ya üzvlüklə bağlı davam edən prosesin daim xatırladılmasından bezmişəm”.
Okesson yazır ki, o, açıqlamasında bütün müsəlmanları deyil, islamçıları xüsusi qeyd edib. "Bəlkə də, məsələn, Fransada olduğu kimi, ekstremizmin çiçəkləndiyi məscidləri bağlamaq və nifrət təbliğ edən imamları qovmaq kifayət edər", - deyə o əlavə edib.
İsveçin dini icmalara cavabdeh olan naziri Jakob Forssmed deyib ki, Okesson məscid tikintisini tamamilə dayandırmaq istəyir və bu, bütün müsəlmanları hədəf alan çox radikal bir yanaşmadır, eyni zamanda, din azadlığı ilə bir araya sığmır.
Forssmed vurğulayıb: “İsveç demokratları” liderinin bu həftəsonu bəyanatının məzmunu hökumət tərəfindən dəstələnən siyasət deyil. Hökumət inancların geniş spektrinin olmasını alqışlayır və dini azadlıqları qoruyur. Dini etiqad azadlığı fərdi və kollektiv şəkildə öz dininə etiqad etmək imkanıdır. Bunu başqaları ilə birlikdə etmək istəyirsinizsə, çox vaxt bunun üçün xüsusi uyğunlaşdırılmış məkanda toplaşmalısınız, müsəlmanlar üçün belə bir məkan məscidlərdir”.
Bu arada, Sosial Demokratlar Partiyasının (Socialdemokraterna) lideri Maqdalena Andersson bildirib ki, Baş nazir İsveç Demokratlar Partiyasının rəsmilərini hökumət iqamətgahından qovmalıdır.