İsrail Dəməşqi bombaladı, Rusiya əsəbləşdi - "xəbərdarlıq edirik"
“Rusiya İsrailin Dəməşq hava limanına aviazərbələr endirməsini pisləyir və bu əməlin təhlükəli nəticələri barədə xəbərdarlıq edir”. Bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib. "Biz Suriya Ərəb Respublikasının ərazisinə davam edən hücumları bu dövlətin suverenliyinin və beynəlxalq hüququn əsas normalarının kobud şəkildə pozulması kimi qiymətləndiririk. İsrailin Suriyanın mühüm mülki infrastruktur obyektinə son təxribatçı hücumunu qətiyyətlə pisləyirik", - deyə o qeyd edib.
“Biz günahsız insanların həyatı üçün təhlükə yaradan məsuliyyətsiz hərəkətləri dayandırmağı tələb edirik”, - deyə Zaxarova vurğulayıb.
Qeyd edək ki, noyabrın 26-da İsrail təyyarələri fəaliyyətini təzəcə bərpa etmiş Dəməşq Beynəlxalq Hava Limanına hücum edib. Nəticədə, ölkənin hava limanının fəaliyyəti yenidən qeyri-müəyyən müddətə dayandırılıb və orada uçan mülki təyyarələr təcili olaraq Suriyanın digər aerodromlarına yönləndirilib.
Leyla SƏMƏNDƏR