Elektromobillər bəşəriyyətə təhlükəlidir?.. Xərçəng, endokrin sistem xəstəliklərinin mənbəyi?..
Elxan Əliyev: “Elektrikli avtomobillər gələcəyimizdir”
Dyuk Universiteti və Texas Texniki Universitetindən olan amerikalı alimlər "əbədi kimyəvi maddələr" kimi tanınan poliftoralkil birləşmələrinin (PFAS) yeni mənbəyini tapıblar. Elektrikli avtomobillər üçün akkumulyator istehsal edən fabriklərin yaxınlığındakı hava, su, qar, torpaq və çöküntü nümunələrində yüksək səviyyədə PFAS aşkarlanıb. Ətraf mühitdə çətin parçalanan PFAS orqanizmdə xərçəng, endokrin və reproduktiv sistem xəstəliklərinə və digər ciddi diaqnozlara səbəb olur.
“Elektromobillər bu gün dünyanın kəşf etdiyi, ətraf mühitin qorunması üçün ekologiyaya az zərər vuran yeganə nəqliyyat növüdür”
Sosial sahə üzrə ekspert Elxan Əliyev baki-xeber.com-a bildirdi ki, son dövrlər, xüsusən inkişaf etmiş ölkələrdə elektrikli və hibrid tipli avtomobillərə sürətli keçid var. Bunun əsas səbəbi ekoloji vəziyyətin elə bir həddə gəlib çatmasıdır ki, insanlıq, bəşəriyyət məcburdur bu sistemə keçsin. Bu mənada “yaşıl enerji “siyasəti, iri layihələr ətraf mühitin və insanlığın qurtarıcısı ola bilər: “Elekriklə işləyən avromobillərlə bağlı kiçik də olsa mübahisələr hələ də var. Bəzi mütəxəssislər belə maşınların ekoloji təmizliyinə şübhə ilə yanaşır. Bəziləri iddia edir ki, guya bu maşınlar xərçəng yaradır, insan sağlamlığı üçün zərərlidir. Deyildiyi kimidirsə bu nəqliyyat vasitələri niyə sürətlə yayılır? Elektromobillər bu gün dünyanın kəşf etdiyi, ətraf mühitin qorunması üçün ekologiyaya az zərər vuran yeganə nəqliyyat növüdür. Elektrikli avtomobillər gələcəyimizdir. Müasir dövrün yeni texnologiyasıdır, çox da səmərəlidir. Amma bu problemlərin insan orqanizminə ziyanı barədə hər hansı bir elmi araşdırma yoxdur. Onu da deyim ki, inkişaf etmiş ölkələrdə benzin və dizel yanacağı ilə işləyən avtonəqliyyat növlərindən istifadənin azaldılması və tədricən qadağan edilməsi istiqamətində tədbirlər görülür. Bu həm də o deməkdir ki, müəyyən müddətdən sonra artıq həmin avtomobillərin bir çoxu inkişaf etməkdə olan ölkələrin bazarlarına yönələcək”.
Günel CƏLİLOVA