Gülənin ziddiyyətli ölüm xəbəri üstündə dərin planlar oynanılır...
Tofiq Abbasov: “ABŞ-da fəaliyyət göstərən FETÖ-çü hüquqşunaslar qrupunun arqumentləri tükənib”
FETÖ terror təşkilatının lideri Fətullah Gülənin ABŞ-nin Pensilvaniya ştatındakı malikanəsindən qaçırılması ilə bağlı yayılan xəbərlərdən sonra yeni iddia gündəmə gəlib.
Fətullah Gülənin Türkiyəyə gətirildiyinə dair iddia ortaya atılıb.
Əvvəlki iddialara görə, FETÖ-nün Pensilvaniyadakı malikəsində evlər boşaldılıb, müəyyən ərazilər satışa çıxarılıb və təşkilat daxilində çəkişmələr başlayıb.
Keçən həftə Fətullah Gülənin qardaşı oğlu Əbusələmə “Gülən "hoca"mızı qaçırdılar" deyərək Cövdət Türkyolu, Mustafa Özcan, Barbaros Kocakurt, Adil Öksüz və Əkrəm Dumanlının başçılıq etdiyi "baş ucalar" qruplaşmasını ittiham edib. Həmçinin Gülənin öldüyünə dair də iddialar yayılıb.
Gülənin ətrafında baş verən bu prosesıər nə ilə bağlıdır?
Siyasi şərhçi Tofiq Abbasov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, FETÖ təşkilatının fəaliyyəti ilə bağlı Amerika ilə Türkiyə arasında çox böyük gərginlik var və neçə illərdir davam edir: “Türkiyənin Gülənin ekstradisiyasını tələb etməsi Amerikanı vadar etdi ki, ikitərəfli səviyyədə hüquqşunaslar qrupu yaratdılar. Hər iki qrup, biri Amerika, digəri də Türkiyə tərəfindən araşdırmalar apardılar. Əgər orada cinayət tərkibi varsa, ABŞ öhdəlik götürdü ki, qeyd-şərtsiz FETÖ – nün rəhbərlərini Türkiyəyə ekstradisiya edəcək. Münasibətdən də bəlli olurdu ki, ABŞ boşluğu dolduraraq belə bir vədlər verir. Onun elə bir məramı yox idi. Türkiyənin tələblərinin çox sərt olmasına baxmayaraq, beynəlxalq hüquq normalarından da bəllidir ki, Türkiyənin əsasları var. Çünki faktiki olaraq FETÖ - nün təşkilatları Türkiyədə daxili ictimai-siyasi asayişi pozurdular. Bir tərəfdən gərginlik ocaqları yaradırdılar, digər tərəfdən Gürcüstan məsələsini gündəmə gətirirdilər. Eyni zamanda Kürd Demokrat Partiyasi və terrorçu qruplarla əlaqələri var idi. Ona görə də, bu proseslərdə ikitərəfli yanaşma gərginlik yaradırdı, Türkiyə öz israrlı yanaşmasından da geri çəkilmirdi. Görünür, bu prosesin tərkibində artıq dəyişikliklər var. Çünki ABŞ - ın Türkiyə ilə münasibətləri bir o qədər də hamar deyil. Əvvəllər ABŞ Türkiyəyə çox böyük vədlər verdi. “F-16” və “F-35”- lərin Türkəyəyə verilməsinin müqabilində ABŞ Ankaranın İsveçin və Finlandiyanın NATO - ya qəbulu ilə bağlı maneə törətməməsini gündəmə gətirdi. Türkiyə razılaşdı və bu zəmində üzərinə düşən öhdəlikləri yerinə yetirdi. Ancaq ABŞ Türkiyəni aldatdı. Ona görə də, Rəcəb Tayib Ərdoğan ayın 9 - na planlaşdırılmış Amerikaya səfərini təxirə saldı. Bu bir daha göstərdi ki, münasibətlərdə yeni gərginlik trendi formalaşır. İndi isə FETÖ məsələsi ikitərəfli münasibətlərdə qıcıq doğuran problemə çevrilib. Əslində ABŞ onu kifayət qədər himayə edirdi, onun maraqlarına uyğun olduğunu düşünürdü. Bunu açıq etiraf etməsə də, ABŞ FETÖ - nu himayə edirdi. Ona görə də, artıq ABŞ - da fəaliyyət göstərən FETÖ-çü hüquqşunaslar qrupunun arqumentləri tükənib. Məsələ o yerə gəlib çatıb ki, onu təhvil vermək lazımdır. Ola bilsin ki, onu hardasa qeyri-müəyyən yerdə saxlayırlar. ABŞ bir daha göstərir ki, himayə etdiyi adamı vermək niyyətində deyil. Bu bəllidir ki, FETÖ - nün özünün Vatikanla, xristian təşkilatları ilə güclü əlaqələri var. O əslində müsəlman əsilli şəxs deyil. O sadəcə Qərbin hazırladığı bir xadimdir. Onu islam dünyasına transfer ediblər ki, Türkiyə cəmiyyətində, ərəb ölkələrində məşhurluq qazanaraq Qərbin xeyrinə təbliğat kampaniyası aparsın”.
Məhəmmədəli QƏRİBLİ